Ömrü Sovet dövrü qədər olan yazıçılarımız az deyil.
Həmin dövrdə yazıb-yaradan, oxucuları tərəfindən sevilən, elə Sovetlə birgə
unudulan yazıçılar. Bayram Bayramov o yazıçılardandır.
Yadımdadır ki, rütubətindən adam boğulan məktəb
kitabxanamızda kiril əlifbası ilə olan xeyli kitablar vardı. Hətta bacardığım qədər
çırpışdırmışdım. Əksəriyyəti Azərbaycan ədəbiyyatı olan həmin kitabları universitetə daxil olana qədər oxudum. Amma o
kitabların arasında Bayram Bayramov yox idi.
Ara-sıra Azərbaycan ədəbiyyatına müraciət edəndə
çalışıram ki, ümumiyyətlə tanımadığım yazıçılardan nəsə oxuyum. Qəribədir ki,
bukinistlərdə də Bayram Bayramov qarşıma çıxmadı.
Bir neçə həftə öncə universitet kitabxanasında
qurdalananda qəhvəyi cildli kitablar gözümə sataşdı. Bayram Bayramovun 1984-cü
ildə “Yazıçı” nəşriyyatı tərəfindən nəşr olunan əsərləri. Boy-boy düzülən kitabları nəzərdən keçirərkən diqqətimi ilk cəlb edən
çox məhsuldar yazıçı olması oldu. Hansı kitabı götürməyimə qərar verə bilmədim.
Bir az araşdırandan sonra məlum oldu ki, “Bəlalı sevgim”, Mən ki gözəl
deyildim”, “Firəngiz” kimi filmlər məhz Bayram Bayramovun əsərləri əsasında çəkilib.
Bəs bu qədər məhsuldar və dövrünün sevilən yazıçısı niyə unudulub?
Sovet ideologiyasına xidmət etdiyinə görə. Bunu
onun əsərlərindən də hiss etmək olar. Belə tale yaşayan tək yazıçı yalnız Bayram
Bayramov deyil. Amma hansı əqidəyə xidmət etməsindən asılı olmayaraq yazıçının
unudulmağı kədərlidir.
Və “Bəlalı sevgim”i oxumağa qərar verdim..
“Bəlalı sevgim” dövrünün digər romanları kimi kiçik
insanların həyatından bəhs edir. 9 yaşında valideynləri ayrılan Bəhlul kənddə nənəsi
ilə yaşayır. Bəhlul universitetə girəndə hər ikisi Bakıya köçür. Bəhlul
psixologiya üzrə təhsil alır. Və tikiş fabrikində direktorun katibi olaraq işə
düzəlir. Təxmin etdiyiniz kimi bəlalı sevgi də burda başlayır. Cavan, müstəqil
qadın olan Mərziyyə Bəhlulun qəlbinə girir. Hələ bərkə-boşa düşməyən, həyatı
psixologiya kitablarından öyrənən Bəhlul nə olduğunu anlamağa macal tapmamış
özünü bu proseslərin içində görür. Gənc, gözübağlı direktorun verdiyi ağılsız qərarlar,
ətrafına səhv adamları toplaması onun sonunu gətirir. Gələcəyin psixoloqu
olaraq Bəhlul hadisələri kənardan müşahidə edir, təhlil edir və sonda
direktorun gözünü açmağa müvəffəq olur.
Amma bəzi şeylər gecikməyi sevmir.
Diqqətimi çəkən bir məqam Bəhlulun psixologiya
oxuması idi. Bu günə qədər oxuduğum yerli ədəbiyyat nümunələrində psixologiyaya
elm kimi yanaşan əsər yadıma düşmür. Xüsusilə sovet dövründə yazılan əsərlərdə
aqronom, mühəndis, zootexnik, həkim, baytar, müəllim ən hörmətli peşələr kimi təqdim
olunur. Əsərin əsas obrazının psixoloq olması, ətrafını psixoloji cəhətdən
analiz etməsi mənim üçün yeni təcrübə idi.
İkinci məqam isə Bəhlulun katib işləməsi idi.
Yazıçının peşələri cinsə bölməməsi təqdirəlayiqdir. Qızların Bəhlula gülməsinə,
rişxənd etməsinə baxmayaraq öz işini yaxşı yerinə yetirir, ciddiyyəti ilə onları
yavaş-yavaş susmağa məcbur edir.
İnsanın mənəvi keyfiyyətləri, zamanla onların dəyişməsi,
həyatımıza girən insanların bizə necə təsir etməsi və s. əsərin çatdırmaq istədiyi
əsas ideyalardır.
“Mənim bəlalı sevgim” filmi bu əsər əsasında çəkilsə
də, filmdə bəzi dəyişikliklər var. Amma həmin dövrün abu-havasını hiss etmək,
nostalji yaşamaq üçün filmi izləmək gözəl bəhanədir. İzləyəndən sonra Flora Kərimovaın
ifasında filmin soundtracki olan “Bağışla” mahnısına da qulaq asın.
https://www.youtube.com/watch?v=ljpBbmuoQ-0&ab_channel=FloraKarimova
Düşünürəm
ki, “Bəlalı sevgim” unudulmağa layiq deyil. Axı hamımızın bir bəlalı sevgisi
var....
Comments
Post a Comment