Hüseyn Abbaszadə "Burulğanlar"

 

Dünya ədəbiyyatı nə qədər dərin, maraqlı olsa da, ana dilimizin şirinliyi, doğmalığı başqadır. Elə yazıçılar var ki, bu doğmalığı çox asanlıqla göstərə bilir. Məsələn, “Ürək yaman şeydir” hekayəsi ilə sevdiyim Əkrəm Əylisli, ədəbiyyatımızda magik-realizmin yaradıcısı İsa Muğanna və s. 

Bir də unudulan yazıçılar var. “Unudulan” deməyə adamın dili də gəlmir. Öz dövrünün sevilən, müasir dövrdə  müraciət edilməyən yazıçılar deyək. 

Hər dəfə araşdırdıqca adını heç eşitmədiyim yazıçılarla rastlaşıram. Hüseyn Abbaszadə kimi.  

30-dan çox kitabın müəllifi olan xalq yazıçısı Həzi Aslanova həsr etdiyi “General”  romanı ilə oxucuların qəlbinə girib. Yaradıcılığında əhəmiyyətli yeri tutan əsərlərdən biri də “Burulğanlar” romanıdır. İki hissədən ibarət olan romanın birinci hissəsi Şura hökümətinin yeni qurulan vaxtlarına təsadüf edir. Burulğanlar içində olan ölkənin vəziyyəti çox qarışıqdır. Çeka qorxusu, gecə-gecə evlərindən aparılan “xalq düşmənləri” insanları çaş-baş salır. Köhnə Bakı kəndləri, İçərişəhər öz qədimliyini qoruyub saxlamağa çalışsa da, çox davam gətirə bilmir. Bir il Həştərxanda qalıb vətəninə qayıdan baş qəhrəman Həmid Xələfov öz küçələrini tanıya bilmir. 

Həmidin atası quyu qazan olub. Özü limanda fəhlə işləyirdi. Bir dəfə Nardarana pəhləvanların güləşinə baxmağa gedir və həyatının məcrası tamamilə dəyişir. Adını xatırlamadığım bir yazıçı demişdi ki, həyatımızı dəyişən qərarlar bizsiz verilir. Həmidin həyatı özünün xəbəri olmadan dəyişdi. Adlı-sanlı pəhləvan Balağaya qalib gəlsə də, yerə vurmadı. Bu, ömrünün ən çətin anlarında qabağına çıxdı. Balağanın qızı Nurlunu sevdi, çeka evlənməyə qoymadı. Kürəyini yerə vuranları bağışlamayan Çopur Abdulla Balağa kimi Həmidi də məhv etdi. Balağa öldü, Həmid ölməkdən betər öldü, Nurlunu başqasının arvadı gördüyü hər gün öldü. Ən pisi o idi ki, bu həyati səhvi öz gücsüzlüyünə görə buraxdı. Həyat səhvləri bağışlamır, çeka sevgi nədir anlamır. 

Həmid Azərbaycan ədəbiyyatındakı ən müsbət qəhrəmanlardan biridir. Əsərdə onun saf sevgisi, inamı, həqiqətsevərliyi geniş şəkildə təsvir olunur. Amma bu o demək deyil ki, “Burulğanlar” sevgi romanıdır. Deyirlər ki, həyatda nəsə baş verəndə ən çox əziyət çəkən bunun nə vaxtsa baş verəcəyinə inanmayan adamlardır. Həmid də elə idi. Qocalıq gəlib qapısını döyəndə də sevgisi ilə qovuşa biləcəyinə inanırdı. Nə olsun ki, başqasının arvadı idi. 

Ani zəifliyinin qurbanı olan Həmid özünü heç vaxt bağışlamadı. Nurludan sonra sevmədi, ailə qurmadı. Özü öz cəzasını kəsdi və çəkdi. Cavanlıqda gözünə elə dəhşətli görünməsə də, kimsəsiz qalanda, divarlar üstünə gələndə tənhalığı daddı. 

2-ci hissə Vətən müharibəsi illərini təsvir edir. Həmid kimi həyat burulğanında yolunu itirinlər “bəlkə ölərəm, canım qurtarar” deyib müharibəyə getdi. Amma ölmədi. Gətirməyəndə gətirmir. Hər dəfə ölümlə üz-üzə gələndə sanki görünməz əl onu xilas edir, “hara ölürsən, əvvəl cəzanı çək” deyib ölümün cəngindən qurtarırdı. Beləcə Həmid müharibədən bir qolunu itirib qayıtdı. Təkcə qolunumu itirmişdi? Xeyr. Müharibədən sağ-salamat gələn olmur. 

Bir də Həmidin içindəki burulğanlar var idi. Şəxsi həyatındakı uğursuzluqlar hər cəhətdən onu sındırmışdı. Yanında heyvan kəsiləndə baxa bilməyən Həmid müharibədə Çopur Abdullanı boğaraq öldürdü. Elə bilirdi ki, anası həyatda olmasa ürəyi partlayıb ölər. amma anasının ölüm xəbərini eşidəndə yaşlar sakitcə gözlərindən süzüldü. Ölmədi. Ölə bilmədi. 

Qardaşı da. Nurlunun əri də müharibədə öldü. İllər sonra Nurlu da həyatdan köçdü. İnsan kimsəsiz qalanda yox, sevdiyi insan öləndə özünü yetim hiss edir. Nə olsun ki, Nurlu öləndə Həmidin yaşı 50-dən çox idi. O gün Həmid yetim qaldı. O gün həyat səhvini ona bağışladı. Həmid isə özünü bağışlamadı...

Hər mənada “Burulğanlar”ın yeri məndə başqa oldu. Həmidin bəxtsiz taleyi, qədim Bakı, Nardaran, Mərdəkan ləhcələrində danışan insanlar, müharibənin döydüyü qapılar (Görəsən döymədiyi qapı qalmışdı?..) bir sözlə hər şey sarı simləri sızladır. 

Həyatın səhvlərimizi bağışlaması diləyi ilə...  

Comments