Travma nədir? Travma- dərin narahatlıq, həyəcan, stress yaradan
hadisələrə verilən cavabdır. Bu hadisələr fərdin öhdəsindən gəlmə qabiliyyətini
aşır, köməksizlik hissinə səbəb olur, hərtərəfli hiss etmə qabiliyyətini azaldır.
Uşaqlıq deyərkən ağlımıza məsumluq, maraq, əyləncə
gəlir. Uşaqlıq həyatımızın qorunan və sevilən dövrüdür. Ailən, valideynlərin tərəfindən
qorunmağını, sevilməyini bilmək gələcək həyatımızda sağlam münasibətlər
qurmağımızı təmin edir.
Travmalar bu ideal tarazlığı pozan qüvvədir. Uşaqlıq travmaları müxtəlif formalarda özünü göstərə bilər:
Fiziki və ya cinsi istismar
Travmatik bir hadisənin şahidi olmaq
Əməliyyat və xəstəxanaya yerləşdirmə tələb edən ağır bir xəstəlik
Ailə zorakılığının şahidi olmaq
Bullinq
Yetkin insanlar belə bu hadisələri həzm etməkdə çətinlik çəkir. Belə ağır hadisələri bir də uşağın gözündən təsəvvür edin. Uşaqlar hadisələri yetkin insanlar kimi həyat təcrübələrinə əsaslanaraq analiz etmirlər. Əksər hallarda bu cür hadisələr baş verəndə uşaqlar özlərini günahlandırırlar, çünki başqa izahları yoxdur.
Travmanın dözüm, günah və utanc hissinə təsiri.
Uşaqlıq travması uşağın mənlik hissini, özünə
verdiyi dəyəri zədələyir. Əksər hallarda yetkinlik yaşına çatanda da onu tərk
etmir. Uşaq böyüdükcə günahkarlıq, utanc hissi keçirir, ətrafındakılarla düzgün münasibət qura bilmir, hisslərini idarə
etməkdə çətinlik çəkir və nəticədə getdikcə dərinləşən həyəcan, təşviş, stress
yaranır. Əgər uşaq ona yaxın olan insanlar tərəfindən fiziki, emosional və ya
cinsi istismar olunursa bu, uşağın növbəti yaşlarda insanlarla əlaqə qurmasına
ciddi təsir edəcək. Uşaq artıq onu qoruyan insana “qoruyucu” gözüylə
baxmayacaq, güvənsizlik hissi yaşayacaq. Mənlik hissi bir dəfə zədələndisə, onu
əvvəlki vəziyyətinə gətirmək, güvən hissini bərpa etmək üçün uzun illər
lazımdır.
Uşaqlıq travmalarının uzun sürən təsirləri.
Bu cür təsirlər çoxdur. Travmaya görə, uşağa görə dəyişir.
Əgər uşaq güvən, qorunma hissi aşılanmayan ailədən gəlirsə, həmin uşaq özü öz
qayğısına qalmağa, problemlərlə başa çıxma mexanizmləri yaratmağa çalışacaq. Valideynlərindən
diqqət, qayğı görməyən uşaq ətraf mühitə qarşı həddindən artıq ehtiyatlı davranacaq.
Bu cür uşaqlar başqalarının əhval-ruhiyyəsinə çox diqqət yetirir, onları qəzəbləndirməkdən
qorxur. Öz emosiyalarını gizlədərək yaşamağı öyrənir, qəzəb, kədər, qorxularını
maskalayırlar.
Qısacası, uşaqlıq travmaları geri qalan həyatımız
üçün laxlamış bünövrə yaradır. Tərbiyə olunma tərzimiz və təhlükəsizlik hissi emosional,
bəzən də fiziki yolla bizə təsir edir, yetkin həyatımızı yönləndirir.
Comments
Post a Comment