Yəhudi filosofu olan Otto Vayninger 1880-ci ildə
Vyanada doğulub. Ali təhsilini fəlsəfə və psixologiya sahəsi üzrə alıb.
Universiteti bitirdikdən sonra xristianlığı qəbul edərək prostestant olan 22
yaşlı filosof ən qalmaqallı əsəri “Cins və xarakter”i dissertasiya işi olaraq
yazıb. Daha sonra əsəri nəşr etdirmək istədiyini bildirərək Freyddən məsləhət
alsa da, müsbət cavab almır. Amma əsər 1902-ci ildə nəşr olunur. Əsər həm yəhudilər,
həm qadınlar, həm də bir çox filosoflar tərəfindən mənfi qarşılanır. Və ölkəsini
tərk edən filosof bir il İtaliyada yaşayır.
Daha sonra Vyanaya qayıdaraq Bethovenin özünü
öldürdüyü otel otağında atasına və qardaşına məktub yazdıqdan sonra tapanca ilə
intihar edir.
Bəs “Cins və xarakter” niyə bu qədər xaos yaratdı?
Kitabı oxuyarkən ilk səhifələrdə hər şey yaxşı idi.
Vayningerin qeyri-adi fikirləri o qədər xoşuma gəldi ki, hətta onu sevməyə
başladım. Oxumağa davam etdikcə münasibətimiz pisləşdi. Amma günahkar mən
deyildim.
Kitabın böyük bir hissəsi qadınlar, qadın psixologiyası,
qadın və kişi, qadın və bəşəriyyət mövzülarını əhatə edir.
Vayninger “erkək və dişi” və ya “qadın və kişi”
bölgüsünü natamam yanaşma qəbul edir. Ona görə, xalis qadın və ya xalis kişi
anlayışları yoxdur, başqa sözlə, hər bir fərddə onda çatışmayan kişi ünsürü qədər
qadın ünsürü var və əksinə.
Yanaşma bir az fərqli və qəribə görünsə də, əslində
həqiqətdir.
Vayningerə görə, əsl azadlıq ehtiyacı və həqiqi
azadlıq qabiliyyəti qadında olan kişiliyi nəzərdə tutur.
O qadınlar özlərinin azadlığını əldə etməyə nail
olacaqlar ki, öz məqsədlərini yalnız sosial həyatla, illuziyalar yaratmaqla
bitmiş hesab etməyəcək, kişiləri öz düşmənləri kimi görməyəcəklər.
Bəs kimə qarşı mübarizə aparmaq? Cavab budur: Öz qəlbində
bu qurtuluşa, bu azadlığa mane olan hər kəsə qarşı. Çünki qadın azadlığının ən
böyük və yeganə düşməni qadının özüdür.
Vayninger oxucusuna xəbərdarlıq edir ki,
psixologiya yalnız duyğular haqqında təlim deyil. Psixologiya çox geniş elm
olaraq fizika, anatomiya və fəlsəfə kimi elmləri özündə ehtiva edir. O deyirdi:
psixoloqlar istisnasız olaraq kişilərdir.
Niyə tarixdə iz qoymuş, tanınmış qadın psixoloq
yoxdur? Çünki qadın özü özünü anlamağa qadir deyil. O, həmişə müəyyən duyğunun
təsir altındadır. Bu halda o necə başqalarını anlamaq, insanı çözmək
iqtidarında ola bilər?
Kişi öz istəklərini elə gizlədə bilir ki, həm Don
Juan, həm də müqəddəs ola bilir. qadın isə bu avantaja sahib deyil.
İnsan özünü anlaya bilməz. Səbəb isə odur ki, bunu
bacarmaq üçün mənəvi aləminin çərçivələrindən kənara çıxmalıdır. Əgər bu kiməsə
nəsib olsa idi, onda bütün kainatı anlaya bilərdi. Elə insanın bəşəri missiyası
da budur; həqiqəti tapmaq.
Bir az dərinə getsək görərik ki, insan sonsuz
kainatda təkdir, əbədi və sarsıdıcı tənhalıqdadır. O nə istəyir? Bağışlanma,
dinclik. Hətta bu dincliyi ona düşməni vermiş olsa belə. Axı, o istəyir ki, kaş
bu mübarizə bitsin! Kaş tənhalıq bitsin!
Bura qədər Vayningerlə yola gedirdik. Amma sonra
işlər korlandı.
O deyirdi: qadın qəlbdən məhrumdur. Çinlilərin bunu
çoxdan qəbul etdiyini əsas gətirərək deyirdi. Əgər çinli qadından neçə uşağı
olduğunu soruşsaz, o yalnız oğlanlarının sayını deyəcək. Çünki o heçdir. Fərdilikdən
məhrum cinsi tələbat məhsulu, kişinin əşyasıdır.
Elə bu fikir də qalmaqal yaratdı. Vyanada qadın
haqları hərəkatı başladı. Bu fikrini onunla əsaslandırırdı ki, əgər qadının
yeganə istəyi kişinin xoşuna gəlmək, ər axtarmaq, kişini məmnun etməkdirsə,
qadın niyə bunu inkar edir? Vayninger haqlıdır. Amma bunu bütün qadınlara aid
etmək bir az insafsızlıq, daha doğrusu vicdansızlıq deyilmi? Mütləq ana-mütləq
fahişə aralığını 1 və -1 qəbul etsək, bütün qadınlar bu oxun üzərində yerləşir.
Daha sonra mütləq ananın mövcud olmadığını, ideal ölçü vahidi olduğunu deyərək
iddia edir ki, yüksəkdə duran qadın yoxdur. Hətta ən yüksəkdə duran qadın ən
aşağıda duran kişidən daha aşağıdadır, fikri ilə böyük xaos yaradır.
Bəs qadın nə istəyir?
Qadın kişidən kişilik istəyir. İradə, doğruluq tələb
edir. Və tamamlanmaq istəyir. Kişi isə öz iradəsi ilə qadının bütün xüsusiyyətlərini
ilkin saflığından çıxararaq dəyişdirir, arxa plana keçirir və ya məhv edir. Ona
öz qəlbini verməkdən imtina edir.
Buna görə də heç vaxt sevməyən filosof yalnız
platonik sevgini qəbul edir. Sevginin son məqsədi yeni nəsil yaratmaqdır deyən
Şopenhaurlə razılaşmır.
Yəhudilik adlı fəsildə isə özünün də mənsub olduğu
yəhudiliyi qorxaqlığın ən yüksək forması adlandırır. Qadınlarla yəhudilər
arasında bir neçə oxşarlıq da tapır: yəhudi də qadın kimi anlayışlarla
düşünmür, yəhudi heç nəyə, hətta öz dininə də inanmır. Başqa sözlə, yəhudilik
dinsizliyin ən yüksək formasıdır.
Gah Kantı, gah Şopenhaueri, gah Müller, gah da
Nitsşeni haqsız sayan 23 yaşlı gənc nə qədər haqlı ola bilərdi? Və ya ondan əvvəlki
filosoflar bu qədərmi yanılmışdılar?..
Comments
Post a Comment