Məsumiyyət muzeyi



 Həyatımın ən xoşbəxt anıymış... bilmirdim...
 “Məsumiyyət muzeyi” klassik roman dadında modern roman yaxud muzey-romandır. Elə ilk cümlədən insanı kitaba kilidləyən Pamuk bir İstanbul hekayəsi anladır. Amma nə hekayə...
Əslində kitabı anlatmaq qeyri-mümkündür. Çünki “Məsumiyyət muzeyi” təkcə Füsunun toxunduğu, ona aid olan və olmayan əşyaların saxlandığı yer deyil. Kamalın hekayəsi ilə tanış olan hər oxucu artıq “Məsumiyyət muzeyi”nə öz sirlərini, ən məhrəm hislərini etibar edir. Bunlar isə asanlıqla anladılacaq, etiraf ediləcək şeylər deyil.
İstanbulun o dövrdəki həyatına dair hər şeyi toplayıb, dünyanın fərqli yerlərindəki 1743 muzeyi dəfələrlə gəzib, hər xırda detalın üzərində əmək sərf edən Kamal (və ya Pamuk) “Məsumiyyət muzeyi”ni yaradır. Yazıçıya görə həqiqi muzey zamanın məkana çevrildiyi yerdir.
Roman Yeşilcamvari bir süjetə malik olsa da, insanın üzərindəki təsiri Yeşilcam filmləri kimi bir neçə saatlıq yox bir ömürlükdür. Axı Kamalın eşqi də ömürlük idi...
Eşqin lənətləndiyi ölkədə xoşbəxt olmaq asandırmı? Kamal bunu bilmirdi. Əslində bilirdi, bilməzlikdən gəlirdi. Dardüşüncəli adamlar Kamalın eşqini çərçivələrə sığdırmağa, qəfəsdə dustaq etməyə çalışdılar. Amma sərhədlənmiş eşq daha təhükəli olur. Onlar bunu unutdular.
Əsəri oxuyarkan oxucu Pamuka vurulur (köhnə oxucular yenidən vurulur), onun özünəməxsus yazı tərzinə, ifadə edə bilmək bacarığına heyran olurlar. Hadisələrin həqiqətən olub-olmaması məlum deyil. Müsahibələrinin birində Pamuk demişdi: Mənim məqsədim də budur. Qoy oxucu özünə sual versin ki, bunlar həqiqətdir yoxsa yazıçının təxəyyülünün məhsulu.
Amma oxucunun özünə verdiyi sual təkcə bu deyil. Pamuku fərqli edən cəhətlər çoxdur. Məncə ən önəmlisi oxucunun qəhrəmanı yaşaya bilməsidir. Qəhrəmanla bütünləşmək, özünü onun yerinə qoya bilmək yazıçının bacarığından, ruhun dərinliyinə, sarı simlərə toxunduğundan xəbər verir. Bundan sonra yazıçıyla görüşmək, suallara özündən cavab almaq istəyi yaranır.
Görəsən onun da həyatında Füsunu olubmu?
Hər iki halda ortada olan bir gerçək var ki, “Məsumiyyət muzeyi” möhtəşəm, sirli və əsrarəngizdir. Eşqin və xoşbəxtliyin kitabı, muzeyidir.
Etiraf edək ki, “Məsumiyyət muzeyi” həm də utanc və peşmanlıq muzeyidir. İki könül bir olubsa onları “bir” buraxmaq lazımdır. Camaatın dilinə-dişinə düşməkdən qorxub, övladının bədbəxtliyini görmək, meyidi üstündə ağlamaqmı yaxşıdır, yoxsa sevdiyi insanla xoşbəxt olması?
Əsərin vurğulanmalı cəhətlərindən biri də Pamukun dünyagörüşü,o dövrün musiqisini, kinosunu dərindən incələməsidir. Romanda adı çəkilən bütün mahnılar Kamalın hislərindən, Füsuna olan sevgisindən bəhs edir. “Bənzəməz kimsə sənə” kimi...
“Bir gün bir kitab oxudum və həyatım dəyişdi” demək olar ki Pamukun bütün əsərləri üçün keçərlidir. Oxuduğum hər yeni kitabından sonra ona bir az da vurulur, bir az da doğmalaşır və hər dəfə daha dərin ahla deyirəm: Ah, Pamuk, ah...
Xoşbəxtlik yalnız insanın sevdiyi adama yaxın olmasıdır, deyirdi Pamuk, ona sahib olmaq istəməsi deyil. Ona görə də Kamal ömrünün 30 ilindən çoxunu eşqə sərf etdi. Usanmadan, ümidini itirmədən, bədbəxtliyini gizlədərək... 
Qadınla kişinin yan-yana gələ bilmədiyi,bir-biriylə görüşüb danışa bilmədiyi bir ölkədə eşq olmaz. Kamalın anası, “sosyete”,  modern ana belə düşünürdüsə, başqalarının nə düşündüyünü təsəvvür etmək çətin deyil.
Başqalarının gözündə ömrünü puç etmiş, bədbəxt, bitgin biri olmasına baxmayaraq, Kamal özünü xoşbəxt hiss edirdi. Hekayəsini qələmə alan yazıçıya son sözü də bu oldu: hər kəs bilsin, çox xoşbəxt həyat yaşadım.
Kaş sonda hamı belə deyə bilə...
Nazan Öncəl “Məsumiyyət muzeyi”ndən ilhamlanaraq “Canım benim nasılsın” mahnısını yazır və muzeyə hədiyyə edir.
”Əsər mənə  o qədər təsir etmişdi ki, Füsun və Kamalın nəfəslərini duya, ürəklərinin döyüntüsünü eşidə bilirdim”.
Bir sen yoksun yanımda 
Pamuk bunun farkında…



Comments

  1. A museum is a place where time turns into space 🙌 really deep tbh.

    ReplyDelete

Post a Comment