Özünə aid bir otaq...

Özünə aid bir otaq Vulfun 1928-ci ildə nəşr olunan və feminizm haqqında yazılmış ən gözəl əsərlərdən biridir. Kembric universitetində dediyi iki mühazirədən ibarət olan esse qadın və ədəbiyyat mövzusu üzərində qurulmuşdur. Vulf deyirdi: “Qadının özünə aid otağı və pulu olmalıdır, əgər o yazmaq istəyirsə”. Daha sonra əlavə edir:  “Ədəbiyyat və qadın bildiyim qədərilə həllolunmaz problem olaraq qalır.”
Vulf qadınların iqtisadi və sosial cəhətdən kişilərdən asılı olması, bir çox sahələrdəki ayrıseçkiliklər, məhrumiyyətlərə toxunur. Oğlanlar məktəbə gedərkən, qızların evdə oturması (ən yaxşı halda valideynlərindən dərs alması) Vulfun da başına gəldiyinə görə, kişilərə olan qəzəbi, onlar haqqında fikirlərində gözdən qaçmır. “Niyə qadınlar arasında Şekspir yoxdur?” sualı ilə illərdir qadınları bezdirən kişilərə cavab verir. Amma onun məqsədi yalnız bu suala cavab tapmaq idimi?
“Analarımız öz işlərində ciddi səhvlərə yol veriblər. Asudə vaxta, kitablara, siqaret və şəraba bir qəpik də xərcləməyiblər. Çılpaq Yerdə çılpaq divarlar ucaltmaq onların görə bildiyi ən yüksək iş olub. “  deyən Vulfun qadının əzilməsinə səbəb olaraq, onun özündən çox yaşadığı cəmiyyəti göstərir. Çünki qadın təkcə ərilə deyil, qardaşı, atası və bütün kişilərlə vuruşmalıdır.
“Özünə aid bir otaq” açıq-aydın feminist olsa da, Vulf deyirdi ki, bu heç də bütün qadınların hüquqları haqqında yox, sadəcə bəziləri haqqındadır. “Qadınlar illərlə kişilər üçün güzgü rolunu oynayıblar. Onları olduğundan iki dəfə böyük göstərən güzgü.” Bu fikir Vulfun əsas mesajını verməyə kifayət edir.
Tarixçi Trevelyanın fikirlərinə istinad edərək deyir ki, “Evlilik qarşılıqlı bəyənmə və anlayış deyil, ailələrin, xüsusilə də kübar ailələrin tamamkarlığı, pul hərisliyi olub “(Bir əsr keçsə də dəyişən heç nə yoxdu).
Əgər arvadını döymək kişinin haqqı kimi qəbul olunursa və utanmadan ən pis formada tətbiq olunursa, valideynlərinin həyat yoldaşı seçimini bəyənməyib imtina edən qız otaqda bağlı saxlanılırsa, Şekspir məktəbə gedərkən bacısı onun corabını yamayırsa, hansı haqla qadınlardan Şekspir olmağı tələb etmək olar?  Çünki qadın təsəvvürlərdə ən uca, ən mühümdür. Praktikada isə o heç nədir. Ədəbiyyatda o şahların həyatına dominantlıq edir, əslində isə valideynlərinin barmağına güclə keçirtdiyi üzük sahibinin köləsidir. Ən gözəl sözlər onun dodaqlarından tökülür, ən valehedici fikirlər ona məxsusdur, əslində isə oxumaq, yazmaq bilmir və ərinin mülkiyyətidir.
“Pişiklər göylərə getmir...Qadınlar Şeksprinin əsərlərini yaza bilməz...”
İstedadlı qadın əzaba məhkumdur, bədbəxtdir, özü ilə mübarizədədir. Çünki o, kişi tərəfindən qorunur və onun ehtiyacıdır. 
Qadının heç vaxt “özünə aid” adlandıra biləcəyi yarım saatı belə olmayıb. Həmişə maneələr olub. Təkbaşına nəsə etmək onun üçün mümkünsüzdür. Heç vaxt səyahət etməz, sərbəst buraxılmaz. Daxili müharibə onu tək buraxmaz. Hər zaman əngəllənmiş və sıxıntılıdır. 
Vulf deyirdi: “İstəsəniz kitabxanalarınızı qıfıllayın, amma elə bir qapı, elə bir qıfıl yoxdur ki, mənim ağlımın azadlığının qarşısını kəssin.”
İstədiyin qədər yaza bilmək- vacib olan budur. Bəlkə saatlarla, bəlkə illərlə davam edəcək. Heç kəs deyə bilməz.
Buna görə də Vulf qadınları yazmağa, həyat haqqında ciddi fikirləşməyə səsləyirdi. Qadın öz vacibliyini kəşf etdiyi zaman cahillikdən, köləlikdən qurtulacaq.  Azadlıq vərdişə çevrilsə, qadın istədiyini yazmaq cəsarətinə sahib olsa, öz kiçik dünyası ilə deyil, sərhədləri aşmaqla fəxr etsə, öz gücünü hiss edəcək və Şekspir kimi deyil, ondan daha gözəl yazacaq ...

Comments