Fındıq qabığında ərik

Hər fəslin özünəməxsus  işləri, əyləncəsi, yeməyi olur kənddə.  İndi sizə  90dan əvvəlki nəslin dadlı yaz əyləncəsi haqqında danışacağam. Əslində əyləncəmi deyim, yeməkmi deyim bilmirəm. Əgər kənddə yaz meşəsində olmamısızsa heç oxumadan keçin. Çünki  işin incə yeri məhz buradır.

Fındıq qabığında ərik. Təsəvvürünüzə nə gəldi bilmirəm amma əminəm ki doğru təsəvvür etmədiniz. Bu “yeməyi” hazırlamaq çətin deyil, amma səbir və əziyyət tələb edir. Bunlardan

daha çox isə məharət. Deməli bizə fındıq budağı, yarpaq, tikan, ərik və duz lazımdır. Elə buna görə də uşaqlar evdən yalnız duz aparmaqla meşədə asanlıqla əylənə bilirdilər. Fındıq budağının qabığını zədələmədən soyuruq. Tikanlarla yanını və altını tikib, altını yarpaqla bağlayırıq. Yuduğumuz ərikləri ehtiyatla içinə doldururuq. Daha sonra üstünü də eyni qayda ilə tikan və yarpaqla hazır edirik. Burda diqqət etməli olduğumuz əsas məqam fındıq qabığının təzə və sulu olmasıdır. Çünki əriyin bişməsi üçün lazım olan su qabıqdan çıxır. Qabıq quru və köhnə olarsa, əziyyətiniz boşa gedəcək. İçi doldurulmuş fındıq qabığını meşədə qaladığımız ocaqda bişiririk. Maksimum yarım saatdan sonra hazır olur. Əgər təcrübəniz yoxdursa (onsuz da elədir) bişib bişmədiyini qabığın kənarından çıxan şirədən və səsdən bilə bilərsiz. Kiçik bir məsləhət də verim. Bişmiş “yeməyi” açan zaman ehtiyatlı olun, buxar əlinizi yandırmasın. Əgər dadmaq istəsəniz və ilk təcrübəniz xoşagəlməz olsa gələn bahar qonağımız olun.





Comments