"Gargac"


Bunun nə olduğunu bildiyinizi heç soruşmayacam, çünki bilmədiyinizdən əminəm. Axı hardan biləsiz? Bizim kəndimizdə buna "gargac"deyirlər. Düzünü desəm elmi ədəbiyyatda bunun haqqında hansısa məlumat var ya yox bilmirəm, amma yazda kənd əhalisinin süfrəsindən əskik olmur. Deməli, gargac gicitkəndən hazırlanır. Əslində hazırlanır demək də düz deyil.  Yazda qadınlar əllərinə qalın əlcək və ya  sarafan keçirib, təzə çıxmış gicitkəndən gargac edirlər. Bunun üçün sadəcə gicitkəni kəsib üstündəki yarpaqları və buğumları təmizləmək lazımdır. Gicitkən isə təzə və yumşaq olmalıdır. Onu kökündən çıxarmaqla yox, torpağın üstündəki hissəsini əl ilə kəsməklə gargac edirlər."İt gicitkəni" deyilən bir növü də vardır ki, əsl gicitkəndən fərqli olaraq tikansız olur, amma yeyilmir. Əgər ilk dəfə bu işi görürsüzsə, it gicitkəni yığmaq şansınız çoxdur, deyim  xəbəriniz olsun. Həm də it gicitkəni o birindən daha yaşıl və gözəl olduğu üçün insanları daha çox çaşdırır. Gargacı yığdıqdan sonra əlbəttə ki yemək lazımdır. Bu isə yığılmasından daha əziyyətli prosesdir. Amma qarın həmişə qalib gəldiyi üçün hər şeyə dözürük, təki yeyə bilək. Gargacın ən çətin tərəfi onu tikanlardan təmizləməkdir. Tikan deyərkən qorxmayın, tikan deyil əslində, sadəcə əlinizi yandıran kiçik "tikancıqlar". Və ağrısı gicitkənin təzəliyindən asılı olaraq dəyişir. Gargacı soyub təmizlədizsə ən ağrılı mərhələni keçdiz. Mükafat olaraq onu yeyə bilərsiz. Amma necə? Ən ideal variantı deyim. Lavaşın arasına qoyub üzərinə duz səpərək yeyirsiz. Bu zaman nə səhvən yığdığınız it gicitkənləri, nə də barmaqlarınızın ağrısı yada düşməyəcək.

Gargacı həm də doğranmış halda  yağda bişirilərək üzərinə yumurta vurmaqla da yeyirlər.
Ümumiyyətlə gicitkən kənddə çox əlverişli bitki sayılır. Kənd qadınlarının dili ilə desək hər işə yarayır. Təzə çıxan gicitkəndən "hangul" edirlər. Çünki gargac olması üçün müəyyən qədər uzanmalıdır. Axı əsas yeyilən hissəsi zoğudur. Hangulda isə əsas hissə yarpaqlar olduğu üçün yumşaq və kiçik gicitkən lazımdır. Deməli gicitkən yığılıb, yuyulur, sonra ovuşdurularaq əzilir. Daha sonra isə duzlayaraq yeyirlər.

Qadınlar gicitkənin kökünü qaynadaraq suyu ilə saçını yuyurlar. Deyilənə görə saç tökülməsinə qarşı istifadə olunur. Amma bu qədər təriflənən bitkinin mənfi cəhətləri də var təbii ki. Məsələn hər yerdə bitməsi. Alaq otu kimi çox zəhlətökən bitkidir. Torpaqdan,havadan asılı olmayaraq istənilən yerdə rast gəlmək olur, kökləri isə o qədər dərində və şaxəli olur ki, çıxar çıxar bitmir. Təsadüfi deyil ki, qadınlar ona ən "həyasız" bitki deyirlər. Hətta çox  nəvə-nəticəsi olan adamlar haqqında belə deyirlər: Buna bax ee gicitkən kimi kök ata-ata gedir.
Çox danışmayaq, siz gargac yeyin, mən gedim.

Comments