Kənd insanlarının tək dərdi ailələri və gündəlik qayğılardır. "Böyük işlərlə məşğul olan şəhərlilər" kimi internet, mail, iş dərdləri yoxdur. Sadə bir kəndli üçün ən böyük problem budur: Görəsən payıza övladıma toy edə biləcəmmi?
İnəyin örüşdən qayıtmaması və ya gec qayıtması bir şəhərlinin müdirindən töhmət alması qədər ciddi məsələ sayılır. Və ya uşaq fikirləşir ki, kaş atam bu il məktəb üçün təzə paltar alardı, mən də öyünər, ayaqqabımın parıldaması ilə fəxr edərdim. Bir kənd uşağını məktəbdə gəzərkən ayaqqabısının taqqıltısı xoşbəxt edə bilir,amma biz əlimizdə olanlarla nəinki xoşbəxtliyi sınamaq, hətta naşükürlük edirik. Fərqimiz budur.
Böyük marketlərdən, internetdən, texnologiyadan məhrum olsaq da, əvəzində özümüzü zəngin hesab edəcək çox şeyimiz var. Əsas olan da bu deyilmi? Sahib olmadıqlarına üzülmək yerinə əlindəkilərə sevinmək. Yaşından asılı olmayaraq bir kəndlini xoşbəxt etmək, günəşdən yanmış üzünü gülümsəməyə vadar etmək çətin deyil, hətta çox asandır. Yaşlı insanlara kiçik bir hədiyyə verin, ya da ürəkdən necə olduğunu soruşun, əvəzində ömrünüzdə eşitmədiyiniz xoş sözlər, xeyir dua sizindir.
Evləri nə qədər kiçikdirsə ,yolları nə qədər dar və keçilməzdirsə, qəlbləri o qədər geniş və xeyirxahdır kənd insanlarının.
Şəhərlilər üçün çoxdan haqqın dərgahına qovuşan dəyərlər hələ də kəndlərdə qalır. Məsələn, gəlinin qaynataya hörmət əlaməti olaraq ağzını yaylıqla örtməsi-yaşmaq çəkməsi. Və ya yolda, küçədə insanların kimliyindın asılı olmayaraq bir biri ilə salamlaşması və s.
Nə yaxşı ki, bir çox dəyərlər kəndlərdə qorunub saxlanır,geriyə baxarkən heç olmazsa hardan gəldiyimiz yadımıza düşür.
Comments
Post a Comment