Gəl,ey səhər...

https://www.youtube.com/watch?v=awvHIzOlwiY

Sonuncu dəfə nə vaxt  yuxunuza haram qatıb günəşin doğmasını seyr etmisiz? Yaxud qürubu, o da olmasa yağışın səsini dinləmisiz? Əksəriyyətimiz hər şeydən narazıyıq, həmişə şikayətlənirik, "xoşbəxt deyiləm, hər günüm eynidi, sıxılıram" və s. deyirik. Amma unuduruq ki, Tanrı bizi xoşbəxt etmək üçün kifayət qədər səxavətli davranıb. Nəyin mükafatı olaraq bunlara sahibik bilmirəm,amma bu möcüzələri görməmək günün günorta çağı qaranlıqdan şikayətlənmək kimi bir şeydir.
Kənddə yaşamağın yaxşı tərəflərindən biri bu möcüzələrə daha yaxın olmaqdır.İnkişafdan uzaq, gerifikirli sayılsaq da, bizim xoşbəxt olmağımız üçün səbəblər daha çoxdur. Əslində biraz da şanslıyıq,internet həyatımıza soxulmadığı üçün. Şanslıyıq ki,axşam süfrə başında telefonun ekranına deyil,bir -birimizin üzünə baxırıq.
Düşünün ki. şəhərin səs-küyündən,tozundan,tıxacından uzaq,ucqar bir kənddəsiz,yorğun bir gün keçirmisiz. Gününüz nə qədər ağır keçsə də, səhər tezdən günəşlə birgə oyanacaqsız.Gecənin sakitliyi sizə qəribə gəlməsə, rahat yata bilsəz, hətta günəşdən əvvəl oyanıb onu gözləyə bilərsiz.Dan yeri sökülmədən oyanmısınızsa, bəxtiniz gətirib,gözəl bir mənzərənin şahidi olacaqsız.
Qaranlıq yavaş-yavaş çəkilir.yerini günəşə verir.Günəş əvvəlcə üfüqdə qırmızı bir xətt kimi görünür, sonra yuxarı qalxır, qaranlıq tamam itir. Günəşin öz yerini alması xeyli vaxt çəkir.Nəhayət , gecə yox olur, ulduzlar artıq görünmür, günəşimiz səmanın ortasından bizə gülür.Sanki xeyir şər üzərində qələbə çalır. Bu prosesi bütünlüklə izləmək çox gözəldir. Günə günəşlə başlamaq yenidən doğulmağa bənzəyir. Təsəvvür edin ki,hər gün yenidən doğulmaq şansınız var. Nə böyük xoşbəxtlik! Deyil mi?
Kaş arzularımıza da günəş doğsa, biz ölmədən...

Comments