Necə rəhmlidir, necə amansız,
Necə mehribandır qadın ürəyi!
Sən onu sındırsan, bil ki, a qansız,
Ağlayan kamandır qadın ürəyi.
...Güldürsən, ömürlük səadətindir,
Söndürsən, yanmağı bir də çətindir.
O, əsl qayğının, məhəbbətindir,
Sevgisiz zindandır qadın ürəyi.
Daşı da əridər, daş da olar o,
Əriyib gözlərdə yaş da olar o.
Bahar da olar o, qış da olar o,
Damladır, ümmandır qadın ürəyi.
Onunla dünyadır sənə qəfəs də,
Onsuz heç yaşama bu torpaq üstə.
Sevən bir ürəyə axır nəfəsdə
Ən gözəl dərmandır qadın ürəyi.
Onu alçaldan da, ucaldan da biz,
Dərd verib, vədəsiz qocaldan da biz.
Qədrini biləndə bu cahanda biz,
Həmişə cavandır qadın ürəyi.
Bəzən gül tək solar acı bir sözdən,
Ağlayar xəlvəti, gülsə də üzdən
Bəzən uşaq kimi bir ürəksizdən
Məhəbbət umandır qadın ürəyi.
Bir namərd əlindən zəhər içəndə,
Keçirər ömrünü o, yas içində.
Bəzən ən qiymətli libas içində,
Nalədir, fəğandır qadın ürəyi.
Sənsiz əl çəkərəm arzudan, kamdan,
Nə çıxar sevgisiz-sənsiz ilhamdan?
İncitsən, dözərəm, Tofiq Bayramdan
İncimə, amandır, qadın ürəyi!
Kənd qadınları şəhərdə yaşayan qadınlar qədər şanslı deyil. Çünki onlar üçün hər gün eynidir,hətta qadınlar günü də. Bayram səhəri yuxudan oyanıb həmişəki kimi rutin işləri görər. Rutin işlər dediyimiz şəhər qadınları kimi ev işləri ilə bitmir. İşin ağırlığından ,çətinliyindən asılı olmayaraq,evin "kişisi" etməlisən deyirsə canın çıxsa da edəcəksən. Özünün deyil,başqalarının onun üçün seçdiyi və layiq gördüyü həyata dözən, şikayət etməyə haqqı olmayan bir qadının bayram nəyinə gərəkdir? Ümumiyətlə, bu zavallı məxluğa qadın demək düzgündürmü? Yox əlbəttə.
Nənəm həmişə deyərdi ki, dünyadakı ən yazıq varlıq qadındır. İllər keçdikcə bu sözün nə qədər doğru olduğunu daha yaxşı anlayıram. Və nə qədər ki qadının azadlığından qorxan, qadınla qadın kimi davranmağa qorxan bir cəmiyyətdə yaşayırıq, qadın aciz bir varlıq olaraq qalacaq. Bu halda nə qadınlar gününə,nə saxta "ürək"sözlərinə ehtiyac yoxdur.
Amma nə yaxşı ki, bu kirli, çoxüzlü cəmiyyətdə hələ də insanlığını qoruyub saxlaya bilmiş tək-tük insanlar var. Sevinsin o kəslər ki, dünya onların varlığı sayəsində dönür.
Haqqında danışacağım bu insanlar kiçik və sadə bir kənddə sadədən sadə nənə və nəvədir.Əvvəlcə etiraf edək ki,( bir qadın olaraq) yaşadığı həyatdan, ətrafındakı insanlardan asılı olmayaraq hər bir qadın ən azından xoş söz umur. Bəzən özü etiraf etməsə də o yorğun gözlərdə bu ümidi görmək çətin deyil.
Adətən yaşlı nəslin nümayəndələri övladları tərəfindən unudulur. Bir zəng qədər yaxın olan ata-anamızı, qohumlarımızı əslində olmayan məsafələr bizdən ayırır. Bütün ömrünü, həyatını, gəncliyinin ən gözəl illərini övladlarına həsr etmiş bu qadın nəvəsindən gələn hədiyyənin xoşbəxtliyini yaşayır, amma səssiz. Çünki övladlarından, nəvələrindən belə təbrik ummağa haqqı olmadığını düşünür. Bəs o əllərdəki qırışların haqqını kim ödəyəcək? Yayda günəşdən, qışda ayazdan yanmış o üzün, illərin dərdindən əyilmiş o belin əvəzini kim verəcək? Yuxusuz gecələrdən danışmağa isə dəyməz. Beşik yelləməkdən keyləşən qollar, paltar yumaqdan sızıldayan ovuclar, şaxtadan parça-parça olmuş ayaqlar bir təbrikə dəymir mi?
Bu gün bu qadınların bayramı deyil, dünyanın bu qadınlar qarşısında utanmalı olduğu gündür. Əgər bu gün bir qadın bayram günü uşaqlarının yadına düşmədiyi üçün dərdli-dərdli ah çəkirsə, "ömür-gün"yoldaşı saxta təbriki belə çox görürsə hansı bayramdan danışırsız?
Nə qədər ki cəmiyyət dar düşüncəli, qadının gücündən qorxan "kişi"lərdən təmizlənməyib, nə qədər ki qadın tək vəzifəsi uşaq dünyaya gətirib, ərinin istəklərini yerinə yetirən bir xidmətçidir, nə qədər ki dünya qadına özü olma haqqını tanımır,nəinki "qadınlar günü"ndən danışmağa, qadın sözünü belə dilinə gətirməyə dünyanın haqqı yoxdur.
Mənə bir dünya verin, orada çiçəklərin açma səbəbi qadının gülüşü, günəşin doğma səbəbi qadının gözləri, dənizin dalğalanma səbəbi qadının səsi, quşların uçma səbəbi qadının xoşbəxtliyi olsun. Mənə bir ev verin, içində bir qadın yaşasın, sevdiyi insanla, uşaqları ilə bərabər, hər gün o qadın işıq saçsın, onu incitməyə qıymasın heç kim, əlinə tikan batsa dünyaya qaranlıq çöksün. Onda deyərəm, ey qadın, bayramın mübarək!
Comments
Post a Comment