Qadınlar günü...


Qadın, qadın?! Onu duymaq, duyurmaq istərkən
 Yaqar düşüncəmi bir şölə, bir zəhərli dikən.
 Bütün həyatı çiçəkləndirən fəqət o... niçin, 
Niçin əzilsin o, bilməm niçin sürüklənsin?! 
Qadın-günəş, çocuq-ay...nuru ay günəşdən alır, 
Qadınsız ölkə çapuq məhv olur, zavallı qalır.
 Qadın əlilə fəqət bəxtiyar olur şu cihan. 
O bir mələk... onu təqdis edər böyük yaradan. 
O pək sevimli, gözəl, incə, nazlı bir xilqət, 
Onun ayaqları altındadır fəqət cənnət: 
Qadın gülərsə şu issız mühitimiz güləcək, 
Sürüklənən bəşəriyyət qadınla yüksələcək... 

Bir əsr öncə Hüseyn Cavidin qələmindən çıxmış bu misralar bu gün də aktuallığını qoruyub saxlayır. Təəssüf ki, hələ də qadını məhvə məhkum edən,əzməyə çalışan insanlıqdan uzaq qüvvələr mövcuddur. Və bu qüvvələr nə qədər ki var, insanlığın üzü heç vaxt gülməyəcək, cəmiyyət sol tərəfi iflic olmuş kimi natamam olacaq, ürəksiz, şüursuz, boş beyin olacaq sadəcə...
Saat 12dən keçdi, hamı başlayır qadınları təbrik etməyə. Şablon sözlər, pafoslu cümlələr, "ən"lər, "çox"lar bitməz,arzular tükənməz. Əlbəttə heç bir qadın bundan şikayətçi deyil, mesajların çoxu "copy-paste" olsa da, dəyər verilmək gözəldir. Amma qadınların istədiyi budur mu?  İldə bir dəfə, bayramdı deyə xoş söz eşidəcəksə qadın, eşitməsin daha yaxşı. Qadınlar günü niyə var? Məncə olmamalı. Çünki bir qadına bu gün "bayramın xətrinə" xoş sözlər deyib, sabah incidəcəksə bir kişi, nəyə lazım yazdığı dastanlar, aldığı hədiyyələr?! Qadınların günü olmasın, həyatı elə yaşadın ki, qadınlara  o təbrikləri gözləriniz desin. Elə yaşadın deyərkən çox deyil istəkləri. Sadəcə anlamağa çalışın, stereotipləri qırın,mentaliteti, absurd normaları boş verin, icazə verin xəyalları sərhədləri aşsın, arada üzünə gülün o qadınların və güvəndiyinizi,arxasında olduğunuzu hiss etdirin. Sadəcə bir dəfə yoxlayın,peşman olmayacağınıza zəmanət verirəm.Əmin olun ki, bunu etsəniz, qazancınız sadəcə o qadının yanağından süzülən sevinc göz yaşı deyil, minnətdarlıq cümlələri deyil, daha çoxu olacaq...Düstur budur, qalır hər şeyi yerinə qoymaq.

Comments