Deyir,süfrələrə şam düzün. qoy arzunuz çin olsun
Şölə saçan alovun biri də mənim olsun.
3 bayram var ki, onları səbirsizliklə gözləyir və böyük sevinclə qeyd edirik.Bunlardan biri,hətta ən coşğulu olanı Novruzdur. Bəziləri tərəfindən bizim bayramımız kimi qəbul olunmasa da, fakt faktlığında qalır: biz Novruzu sevirik və qeyd edirik.
Hərə bir cür "qeyd edir" bu bayramı.Sirr deyil ki, istənilən bayram uşaqlar üçün bir cür, böyüklər üçün başqa cür gəlir.
40gün öncədən səməni üçün buğdanın sərilməsi ilə başlayan bayram həyəcanı martın axırına qədər davam edir. Nənəm deyərdi ki, Novruza çatdıqsa, deməli ən az bir il salamat qalacağıq.(Məşhur mart çıxdı-dərd çıxdı, misalı)
Bayramın ən sevilən hissəsi tonqal və papaq atmaqdır. Etiraf edim ki, ikinci hissəni biz nə uşaqlıqda, nə də indi düz əməlli görməmişik. Atamın bu adətdən xoşu gəlmədiyi üçün erkəndən tonqalımızın üstündən tullanıb, qapımızı bağlayıb evə yığışardıq. Və heç kim bizə papaq ata bilməzdi. Atılan papaqlar isə "girov" götürülür, sahibi ortaya çıxana qədər bizdə qalardı. Bəzən atamdan gizlin tapdığımız papaqlara pay qoyurduq. Bəzən isə atamın kefi yaxşı olanda papaqlara xəşil tökürdü. Təsəvvür etmək çətin deyil ki, gələn bayram bizə heç kim papaq atmırdı.Axı kim papağından bezib.
Tonqal qalamaq isə bizim kəndimizdə xüsusi canfəşanlıqla yerinə yetirilir. İlaxır çərşənbəyə günlər qalmış kəndin cavanları ərinmədən, kənddə bütün maşını olanların evinə bir bir gedib köhnə təkər istəyir. Bəzən xoşluqla, bəzən dava ilə əldə edilən təkər bayram axşamı kəndin mərkəzində yandırılır. Niyə məhz təkər? Çünki ən azı 4-5 saat tonqal kimi yanır. Üzü gözü hissdən qaralmış uşaqlar evə qayıdanda anaların üzünü təsəvvür edirsiz yəqin. Bayramın səhəri özündən çıxmış analar tərəfindən təkər yiyəsinin ölüləri təzələnir. Ona görə də hər il bir kişi təkər verməyə tövbə edir.
Gəlin boynumuza alaq ki, bizi bir araya gətirən ən böyük vasitə bayram və yasdır. Ona görə də keçirilmə səbəbi nə olur olsun, bayramlar gözəldir Amma yanımızda hər günümüzü bayram edən insanların olması bayramdan da gözəldir.
Bayramınız mübarək!
Comments
Post a Comment