Qış ovu

Siz heç qış meşəsində olmusuzmu? Günəşlə birgə oyanıb, gecə dizəcən yağan qarın üzərində ilk izləri qoymağın, addım atdıqca ayağının altında  xışıldayan qarın üzərində gəzməyin necə xoş olduğunu bilsəz, inanın ki, həmin an bunu "ölmədən öncə edəcəklərim"siyahınıza əlavə edərsiz (əgər varsa təbii ki).
Heç şişirtmədən deyə bilərəm ki, qış meşəsində olmaq nağıllar aləminə düşməyə bərabərdir. Bir ayağınızın altına baxın, birdə başınızı qaldırıb səmaya.Ara-sıra uçan qarğaları nəzərə almasaq, meşə o qədər sakitdir ki, ürəyinizin necə döyünməyini, nəfəsinizi belə eşidirsiz. Başınızı qaldırsaz, səmada təzə sevgililər kimi  bir-birinə sarılmış ağacları, onların arasından düşən günəş işığını görəcəksiz. Hər tərəf o qədər ağdır ki, adamın gözləri qamaşır.Qışda meşədə demək olar ki heç bir heyvan olmur. Təkcə ürkək-ürkək qaçan dovşanlar, birdə çaqqallar olur.Və təbii ki, öz həzzləri üçün heyvanlara qıymağa hazır olan ovçular. Düşünürəm ki, ovçu sözu bir az kobud tərcümə etsək, qatil sözünə bərabərdir. Sadəcə zövq almaq üçün bir canlının canını almaq əlbəttə qatil olmaqdır. Can almaq ixtiyarını insana heç kim verməyib axı. "Əşi,bir quşla, bir çaqqalla meşə boşalmayacaq ki," deyib güllə atan "qatillər"i bağışlamaq olmaz.
 Qar adama çox şeyi xatırladır, günahsızlığı,( ya da günahlarımızı),təmizliyi, saflığı. Bəzən fikirləşirsən, qarın gəlinlik kimi bəmbəyaz, ya da kəfən kimi ağappaq olması möcüzə deyilmi?!
Hər şeyi kirləndirən biz insanlar qarı da kirləndiririk, o da bu qədər kirə dözməyib əriyir gedir.

Comments