Bizim kəndimizdə fəsillərin bölgüsü fərqlidir. Ən uzun fəsil qış hesab olunur, oktyabrdan marta qədər. Hamı payızı qarşılayanda biz qışı qarşılayır, hamı yazı, Novruz bayramını qarşılayanda bizim tonqalımız qarın içində tüstülənə-tüstülənə qalır. Deyirlər ki. mart çıxdı, dərd çıxdı. Həqiqətən də doğrudur. İnsanlar qış girəndən çıxana qədər narahatlıqla yaşayırlar. Odunumuz çatacaqmı görəsən, otumuz qurtarsa neyləyəcəyik və s. kimi suallar qışda hamını düşündürür. Bundan başqa gündəlik tələbat mallarını əldə etmək də o qədər asan deyil. Kənddə bir neçə kiçik dükan olur və qışda yolların məlum vəziyyətinə görə onlar da rayona gedə bilmir. Avtobus kəndin girəcəyinə qədər çıxa bilir, bəzən isə yolda qalır. Ona görə də insanlar aldığı şeyləri yıxıla-yıxıla özləri daşımalı olur. Ağıllı olanlar qış girməmişdən qabaq öz tədarükünü görür. rayona çox vacib nəsə olduqda üz tutur.
Qışın oğlan çağı, min nəfərlik bir kənd. Canının dərdindən hamı girib evə. Həyət-bacada evi qorumağa məhkum edilmiş itlər, birdə toyuqlar olur. Yazıq toyuqlar da soyuqdan bir ayağını götürüb o birini qoyaraq həyətdə vurnuxurlar. Bəlkə sahibi insafa gələr. başını pəncərədən çölə çıxarıb, günortadan qalmış yeməkdən, çörək qırıntılarından verər onlara,- deyə fikirləşirlər. O evin içində olanlara da baxaq. Deməli, əksər hallarda iki otaqlı bir ev olur. Ata çarpayıda uzanıb, televizora baxır, ana uşaqlarının corabını yamayır, ya da dünənki davada oğlunun cırılmış şalvarını "təmir edir" ki, yazıq şalvar sabahkı davaya da dözə bilsin.Evin böyük qızının işi hər on dəqiqədən bir atanın çayını təzələməkdir. Yox əgər evdə gəlin varsa, bu məsuliyyətli vəzifə onun üzərinə düşür. Balaca uşaqlar o biri otaqda oynayır, nənə və ya baba isə yorğana bürünüb tez-tez Allahı yada salaraq təsbeh fırladırlar. Kənardan hər şey nağıllardakı kimi, hətta romanatik abu havada görünsə də gerçəklik fərqlidir.Birazdan ata " gedim baxım kənddə nə var nə yox" deyib evdən çıxacaq. Onun ardınca ana "maya qalmayıbmış, gedim qonşudan alım "deyərək aradan çıxacaq. Uşaqlar sürüşməyə, dalaşmağa gedəcək. Evdə qalan isə yazıq gəlin ya da qız olacaq. Vay o gündən ki, qızın da sevgilisi ola. Şirin dilini işə salıb,bütün işləri gəlinin üstünə yıxaraq yüyürəcək görüşə.
Ana mayanı tez alıb qayıtsa, inəklər də vaxtında su içə biləcək. Nəfəsinizin belə donduğu bir havada inəkləri su içməyə aparmağın özü də bir işgəncədir. Əgər bəxtin gətirsə inəklər başqa inəklərlə buynuzlaşmayacaq. Gətirməsə də taleyinə küs. Gərək, əlində möhkəm ağac olsun ki, yıxıla-dura inəklərin davasına son qoya biləsən. Əgər bu işdə təcrübən yoxdusa. inəklərdən "sahibimizdi, dəyməyək"və s alicənablıq gözləmə.
Birdə, gərək donmuş suyun buzunu qırasan ki, inəklər içə bilsin.
Sizcə bu it nə deyir?
Bunu təxmin etmək üçün it dili bilmək lazım deyil. Sadəcə bir dəqiqəlik özünüzü bu yazıq məxluqun yerində təssəvvür etsəniz, onu başa düşərsiniz. Deyir ki, ay insafsız sahibim, insan olmasam da axı mən də üşüyürəm, mənə verə biləcəyin daha isti bir yerin yoxdurmu?
Çöldə bir şaxta var, iti bağlasan durmaz, deyirlər. Amma elə deyil, it durur. çünki məcburdur. Səhərdən axşama kimi gözləyir ki, indi qapı açılacaq, sahibimin vicdanı sızlayacaq, mənə isti yemək olmasa da, isti su verəcək. Amma günorta da olur,axşam da olur, sahib öz kefindədir. Ya 30il əvvəlki toy kasetinə baxır, ya da domino oynayır.
Ürəyinizdən bir kəndliyə nəsə arzulamaq keçsə, qışdan sağ çıxmaq ən xoş arzu olar.Qış şəkillərdə göründüyü kimi olmur,onun şaxtası, qarı, soyuğu var. Siz heç qışda ayazdan əllərin donması, parçalanması nədir bilirsiniz mi? Bilmirsizsə "qışı sevirəm"deməyə tələsməyin. Amma üşüsək də, əllərimiz donsa da, soyuq olsa da, əsas olan ürəyimiz isti olması, sevdiklərimizi isidə bilmək deyilmi?
Comments
Post a Comment