Mən böyüdüm, ata...

Ata- ananın illərlə gözlədiyi, xəyalını qurduğu ən müqəddəs arzusu övladının ailə qurmasını görməkdir. "Övladının toyunu görəsən"-dən daha ülvi arzumuz yoxdur. Eləcə də qızların ən məhrəm və gizli arzusu birlikdə yaşlanıb, üzünün qırışlarını da sevəcəyi bir adam deyil mi? Bəs onda niyə gəlin ata evindən çıxarkən ağlayırıq?Dünyada bir uşağın ağlamasından daha kədərli bir şey varsa, o da ataların ağlamasıdır. Nədənsə anaların ağlaması bizə çox təbii və normal görünür. Axı o qadındır, ağlasın, ürəyini boşaltsın deyirik. Amma atalar ağlasa dünya ağlayar. Qızının ən xoşbəxt günündə də olsa atalar ağlamasın...Ən zalım, ən sərt atanın belə o gün ən azından gözləri dolur. Min bir əziyyətlə böyütdüyü qızını yad bir ailəyə əmanət edir. Bütün uşaqlıqlarını , şıltaqlıqlarını, nazını atasının evində qoyan qız ailəsindən ayrılır.Qapıdan çıxdığı o anda, divarlar, daşlar, zəhləsi getdiyi qonşular belə ona doğma görünür. Hər gün dalaşdığı bacı- qardaşı üçün artıq darıxmağa başlayır. Boynunu büküb, gözlərini silən anasını gördüyü an, sevdiyi adamı da, ailəni də unudub anasını qucaqlamaq istəyir,  böyüdüyü üçün təəssüflənir. Ağlamamaq üçün otağa ən son girən ata qızını  görər-görməz gözləri dolur.  Ağlamağını necə gizlədəcəyini bilmədən qızına yaxınlaşır və onu qucaqlayır. Əlimdə olsa,həmin an zamanı durdurardım ki, dünya bu səhnəyə bir az da baxsın. Bir atanın və gəlinlik geymiş qızının göz yaşlarından daha gözəl nə ola bilər?!İllər keçir, nəvələri ilə birgə toyuna baxan o gəlin nələri xatırlamır.Həmin səhnəni görərkən,həyatda üzü gülməsə də, evliliyi xoşbəxt olmasa da, sırf atasını təzədən qucaqlaya bilsin deyə, o hissləri birdə yaşasın deyə eyni həyatı, eyni insanı seçərdi.Heç kim inkar edə bilməz ki, qızlar üçün atalarının yeri başqadır. Əlində ixtiyar olsa, heç bir qız ata evindən  ayrılmaz. O ev ki, orda hər zaman güvəndiyi, küsdüyü, naz etdiyi, amma sevdiyi bir insan var. Qızlar neçə yaşı olursa olsun, atası yanında olduğu müddətcə uşaqdırlar. Və böyüməyi də heç istəməzlər. Amma o qapıdan çıxdığı an istəməsə belə, böyüyür. Sevdiyi adamla ailə qurursa, bəlkə yenidən uşaq ola bilər, amma..Və o kişi xoşbəxtdir ki, sevdiyi qadın onu atası qədər sevir, atası qədər güvənir. "Atamın evindəki kimi xoşbəxtəm" deyə bilirsə bir qadın,o an dünya gülür. Gözləri gülən bir qadının gülüşünün səbəbi olmaq isə bir kişiyə nəsib ola biləcək ən  böyük xoşbəxtlik olmalı...

Comments