Şər qarışanda...

 Bəzi şeylər var ki, onları görmədən ölmək günah sayılar,məsələn qürub. Xüsusi ilə kənddə, göydələnlərin hələ zəbt etmədiyi, tüstünün zəhərləmədiyi, hələ mavi,açıq olan səmada günəşin batmasını seyr etmək çox gözəldir. Səhərdən  insanlara gülümsəyən, onları isidən günəş yorulur, yavaş-yavaş öz yerinə çəkilir.Şər qarışanda bugünün son işləri tamamlanır, hamı öz evinə, ailəsinin yanına tələsir. Ana şam yeməyini hazırlayır, ata kənddən qayıdır, uşaqlar mal-qaraya ot-su verir. Babalar darvazanın qabağında oturub təsbehini oynadır, yoldan keçən adamlarla söhbətləşir,nənələr dünyadan şikayətlənərək nəvəsinin beşiyini yellədir..Bir sözlə hamı öz işindədir. Birdə "su qalmayıb gedim su gətirim "bəhanəsi ilə bulağa gedən qızlar var.
  Hələ dünəndən gözləri,baxışları ilə sevdiyinə görüş vədəsi verən, qardaşının ardınca evdən əkilən qız ayaqları dolaşa-dolaşa bulağa gedir. Bulağa çatmamış səhəngləri çoxdan dolub-daşan, amma bunu"görməyən" qızların qəhqəhəsi eşidilir. Evdən min bir bəhanə ilə çıxan, guya atasından, qardaşından qorxan qız kənarda durub onu süzən sevgilisini gördümü hər şey yaddan çıxır. Özünü onu görmürmüş kimi aparır, nazlanır, qızlarla zarafatlaşır. Birdə görür ki, qaranlıq düşüb,"Allah məni öldürsün, gecikdim"  deyərək əlimyandı ilə evə qayıdır. Bayaqdan ağac olmuş yazıq oğlan gözləri ilə sevdiyini yola salır, indidən sabahın açılması, növbəti qürub üçun darıxır. Evə gələn qız " vallah mənlik bir şey yox idi, adam çox idi"deyərək özünü təmizə çıxarmağa çalışır. Ana əvvəl hirslənir,danlayır,sonra qızının həyəcanını, xoşbəxtlik yağan gözlərini görür, gülümsəyir. Axı o da bu yolları keçib. Qızının bu halı onu keçmişə aparır, eynən qızı kimi kələğayısı küləkdə yellənərək bulağa getdiyi, çəpər dalında gizlənib sevgilisini gözlədiyi günlər yadına düşür, evə gecikdiyi üçün yediyi kötəklər, balaca uşaqları konfetlə aldadaraq göndərdiyi, hələ də ata evindən gətirdiyi sandığında saralıb qalmış məktublar yadına düşür. Nələr. nələr yada düşmür. Birdə görür ki, yeməyi yandırıb. İndi əri bir tərəfdən, qaynanası o biri tərəfdən başlayacaq danlamağa. O da qızı kimi bəhanələrlə yaxasını qurtarmağa çalışacaq. Amma keçmişin gözəl xatirələri nəyə desən dəyər, yemək nədir ki...

Comments