Qonşuda bişər, bizə də düşər...

Bizim belə bir adətimiz var: qonşu nə bişirsə , o biri qonşulara da ondan pay düşür. Əsasən qoxusu tez yayılan, və ya tez-tez bişirilməyən şeylər mütləq qonşulara da verilir. Əgər evdə qoca, uşaq və hamilə varsa, ən birinci onlara verilir. Elə bizim ən yaxın qonşumuz kimi. Tək yaşasa da, tez- tez müxtəlif şirniyyatlar, yeməklər bişirir və bizə də verir. Amma demək olar ki, özünə heç nə çatmır. Ya nəvələri, ya da qonşular gəlir, öz sözü ilə desək, " ac qurdlar kimi tökülürlər yeməyin üstünə". Nə qədər əsəbiləşsə də, deyinsə də hər bişirdiyindən nəvələri üçün pay ayırır.

Etiraf etmək lazımdır ki, şirniyyat, yemək qonşuya getmək üçün sadəcə bəhanədir. Ərini "aldadaraq" -qoxusu getmişdir, verməsəm ayıb olar, iki dəqiqəyə gəlirəm, deyib evdən çıxan qadın ən tez 3 saata evə qayıdır. Niyə gec gəldin? sualına əvvəlcədən hazırladığı " bəhanələr siyahısı" var. Biri keçməsə, o birisi, o da olmasa digəri...
Qeybət hər şeydən şirindir. Nə döyülmək, nə qaynananın deyinməsi, nə beşikdən yıxılmış uşaq, nə otsuz, susuz qalmış inəklər,"dünən filankəsin evində olanlar"ın müzakirəsini yarımçıq qoya bilməz. Saatlar keçəndən sonra evə qayıdan qadını istəkləri tükənməyən ev əhli qarşılayır. Qadın da başlayır qaynanasını qabaqlayıb deyinməyə: Mən nə günahın sahibi idim ki, belə həyat yaşayıram,  bu nə həyatdır, Allah canımı alsaydı, qurtulardım əlinizdən və s. Qaynana görür ki, gec gəldiyi üçün gəlini danlasa oğlu gələndə işlər şuluq olacaq. Ona görə təsbehini çəkə-çəkə oturur. Gəlin görür ki. qaynananı yola verdi, sakitləşir. Alın sizə taktika, strategiya, siyasət. Adına nə desəniz o. Adam fkirləşirki, bu gəlin oxusaydı, ən azı dünya lideri olmalı adam idi.

Comments