Sadə bir
kənd evini təsvir etməyə çalışaq. Deməli,darvaza və ya doqqaz deyilən əsas
qapıdan girirsiniz həyətə. Həyətdə əksər hallarda evdən başqa tövlə, hin, təndirxana
kimi tikililər olur. Hər birinin nəyə görə istifadə olunduğu yəqin ki, adından
da görünür.
Evin
içinə daxil olmaq üçün bir də qapıdan keçmək lazımdır. Kənd evləri çox vaxt ikimərtəbəli olur. Ona görə
yox ki əhali varlıdır, bir mərtəbə azlıq eləyir, ona görə ki birinci mərtəbə
rütubətli olur, məcburən camaat ikinci mərtəbəni də tikir. Yəqin ki kənd evləri
haqqında az-çox eşitmişiniz. Hamam , su, qaz olmayan, döşəməsi adi taxta ilə,
üstündən köhnə xalça –palazla döşənmiş, sadə divar kağızlı, demək olar ki,
mebelsiz otaqlar.
Şəhər
insanlarının -“mədəni insanların” dili ilə desək salonda adətən, peç,
stol-stul, qab-qacaq yığılan şkaf olur. Bəzən isə heç stol-stul da olmur. Ailə
eləcə yerə süfrə sərərək yemək yeyir. Bu otağın ən əhəmiyyətli hissəsi peçdir,
xüsusilə də qış aylarında. Peçin altı, üstü, yanı. sağı. solu həmişə dolu olur
və uşaqlar növbə gözləyir. Məsələn, ata evə gəlir, əlini yumağa isti su istəyir.
Ana canfəşanlıqla əvvəlcədən ya aftafada, ya da köhnə yağ, boya qablarında
qızdırdığı suyu gətirir, guya uşaqlardan gizli, altdan –altdan mənalı
baxışlarla ərini süzür. Uşaqlar islanmış corablarını, əlcəklərini peçin
yanından sırf bu məqsədlər üçün nəzərdə tutulmuş ipdən asır və qurudurlar.
Peçin qabağında həmişə odun və maşa olur. Altında isə bir sinidə qurumaq üçün
qoyulan müxtəlif şeylər, məsələn şabalıd, qarğıdalı və sairə olur. Üstündə nə
olduğu yəqin ki aydındır- analarımızın sevgisini qataraq bişirdiyi yeməklər.
Birdə gurhagurla yanan odunların közündə kartof basdırırlar. Bu kartofun dadı
suda qaynadılmış kartofdan çox fərqlidir. Hamı dörd gözlə nə vaxt bişəcəyini
gözləyir. Balacalar isə səbirsizlənərək soruşurlar: -Baba bişmədi? Mən acmışam axı...
Elə ki
kartoflar peçdən çıxır, hamı oturur yeməyə, maraqlı an gəlir: işıqlar sönür, hər
evdə işığı söndürənin nəsli təzələnir, yalnız və yalnız bundan sonra kimsə şam,
ya da lampa dalınca qaçır. İndi siz deyin şam işığında isti peçin yanında ailənlə
birgə közdə bişirilmiş kartof yemək deyil bəs nədir xoşbəxtlik?
Peçin
üstündə qovrulan şabalıdın yerini isə heç nə verməz. Bacı-qardaşınla bircə
şabalıd üstündə dalaşmaq və nənənin müdaxiləsindən sonra burnunu çəkə-çəkə
şabalıdı bölüşmək. Bu da sizə daha bir
xoşbəxtlik.
Kənd
evinin döşəməsi bir başqa gözəldi. Altda qaynananı, üstdə gəlinin cehizlik
palazları sərilir. Niyə altda qaynananın? Çünki artıq onun dövrü bitib, meydan
gəlinindir. Palazların üstündən “ nənələrin dişlə-dırnaqla düzəltdiyi”
nalçalar. Hər dəfə oturanda bu sözü eşidirsən, bilmirsən oturasan ya sadəcə
qiymətli antikvar kimi kənardan baxasan.
Həə, az
qala unutmuşdum. Ağız dolusu danışdığımız bu evin əhalisi xoşbəxt ailə
tablosunu axırda pozurlar, Elgizin, Zaurun, Xoşqədəmin verilişlərinə baxaraq.
Comments
Post a Comment