İtirilmiş uşaqlıq...

Fikir vermisinizsə hamı zamandan, həyatdan şikayətlənir. Bizim dövrümüzdə belə deyildi, zəmanə korlanıb, insanlar dəyişib və s. kimi cümlələri insanlar, xüsusilə də yaşlı insanlar tez-tez işlədir. Bəs görəsən doğrudan mı bu belədi? Gəlin uşaqları götürək. Uşaqlıq əksər insanların həssas yeridir. Kimisi üçün ağır, ata-anasız, kimisi üçün isə qayğısız keçsə də bugünkü "mən"imizin özəyi uşaqlığımızdan gəlir.
Fəxr eliyəsi uşaqlıq yaşamasam da, əminliklə deyə bilərəm ki, müasir uşaqların yaşadığından qat-qat xoşbəxt, qat-qat maraqlı keçib uşaqlığım. O dövrün ən əsas atributu əlbəttə ki, oynadığımız oyunlardır. Sınıq-salxaq əşyalardan , yarpaqdan, köhnə parçalardan özümüzə oyuncaq düzəldər, saxsıdan gəlinciyimizə ev tikər, xırda daşlarla o evi bəzəyərdik. O zaman heç ağlımıza gəlməzdi ki, illər sonra bu "oyuncaqlar" ən yaxşı xatirələrimiz olacaq. O zaman nə zərli-zibalı oyuncaqlara, nə bahalı paltarlara ehtiyacımız yox idi. Çünki əlimizdəkilərlə xoşbəxt olmağı, aza qane olmağı öyrətmişdilər bizə. Böyüyəndən sonra konservativ,köhnə fikirli, savadsız hesab etdiyimiz o valideynlərimiz öyrətmişdilər. Çox uzağa getməyib 10 il əvvəlki və indiki uşaqların həyatını müqayisə edəndə, görürük ki, çox şey dəyişib.
Biz beşdaş, gizlənpaç, qaçdı-tutdu oynayır, özümüzün düzəltdiyi əyri-üyrü,oturarkən mismarları batan xizəkdə sürüşür, bacımızın, qardaşımızın yamaqlı paltarında böyüyürdük. Müasir uşaqlar komputer əsrinin gətirdiyi bəlalara düçar olub,itirdiklərinin fərqində belə olmadan yaşayırlar. Belə getsə bir neçə il sonra  bizim oynadığımız oyunları "playstoredan yükləyib oynayacaqlar. Müasir uşaqlar özlərini xoşbəxt sayır, çünki onlara görə heç nəyə ehtiyacları yoxdur, Hər şeyi asan əldə edirlər. Həm dərs, həm əyləncə, həm ünsiyyət sadəcə "tıklamaqla" başa gəlir. Amma əslində? Əslində isə hər şey çox fərqlidir. Gerçək oyun mühiti görməyən, ehtiyacın nə olduğunu bilməyən, zəhmət çəkməyən uşaq böyüyəndən sonra çox çətinliklər yaşayacaq.

Valideynləri kartof, göyərti əkərkən onlara kömək etmək sevincini yaşamayan uşaqlar yetişir, özündən böyük bacı-qardaşının paltarını geyinməyi ayıb sayan uşaqlar yetişir, paylaşmağı bacarmayan uşaqlar yetişir, sosial şəbəkələrdə minlərlə "dostları"olan ehtiyacı olanda"tənhayam,əsl dost yoxdur"deyən uşaqlar yetişir. Əgər 10 il bu qədər şeyi dəyişibsə 10il  sonra nə olacağını təsəvvür etmək belə dəhşətlidir.

Comments