Bəzilərinin ayrılıqlar fəsli, bəzilərinin məhsul fəsli, bəzilərinin sadəcə payız kimi sevdiyi ilin 3cü fəsli ilə vidalaşdıq. Payız gedərkən yolda qış ilə qarşılaşır və ana təbiətin iki övladı bir illik həsrətlərinə son verərək görüşürlər.Bizə isə bu gözəl mənzərəni seyr etmək qalır.Axşamlar payız küləyi əsir, sarı yarpaqlar küləyə naz edərək , havada oynaya-oynaya artıq soyumaqda olan torpağın üstünə düşür. Damların üstündə, ağacların budağında təkcə sərçələr qalıb, Hərdən yağış yağır, hərdən gün çıxır, hərdən də külək əsir. Xəstə adamlar kimi tez-tez əhvalı dəyişən payız.Kimisinə görə gecikmiş bahar, kimisinə görə kədər olan payız... Ömrümüzün daha bir payızı geridə qaldı.
Təsəvvür edinki, axşam payız yarpaqlarını həyət bacadan süpürüb, payız küləyinin vıyıltısını eşidərək yatırsız, Səhər tezdən gözlərinizi ovuşdura ovuşdura yuxudan oyanırsız, gecə hər yeri bürümüş qarın üzərində bərq vuran günəş gözünüzü qamaşdırır. Yarı sevinc, yarı təəccüb dolu baxışlarla bir müddət qara baxırsız...İçinizə hüzur dolur sanki, ağappaq qar, hər yer təmiz, sirli bir gözəllik var çöldə. İzah edilməsi qeyri-mümkün olan hisslər sizi çulğayır, və bəzi insanlar qarın yağması ilə səbəbsiz xoşbəxt olurlar.Pamuk deyirdi ki, qar mənə Tanrını xatırladır. Nə qədər doğru deyilmiş sözdür.
Nə qədər qarın yağmasına sevinsək də. qışın problemləri də çoxdur. Odun peçi ilə isinən evlər, rezin çəkmədə buzun üstündə yeriyən ayaqlar, səhər tezdən buz bağlamış bulaqdan su gətirən donmuş əllər, mal qaranı sulamağa aparan qırmızıburun uşaqlar, soyuqdan bir ayağını alıb o birini qoyan toyuq cücələr... Bunlar sizə nə deyir? Əlbəttə başa düşmək çətindir. Qış dözülməz çətinliklər, problemlər gətirir deyir. Hər yerdə ölü bir sakitlik, şaxta, soyuq hökm sürür. Və 3-4ay beləcə davam edəcək. Tək əyləncəsi özünün düzəltdiyi sınıq salxaq xizəklə qışın dadını çıxaran uşaqlar, gündə bir dəfə ayaqları donaraq kəndə çıxıb son xəbərlərdən hali olan kişilər, bütün günü peçin yanında fırlanan qırmızıyanaq qadınlar gözləyir ki, qış bitsin, yaz gəlsin. bu çətinliklər də elə qışla getsin.
Comments
Post a Comment