Şəfalı zoğal...

 Havalar soyumağa başladı mı, hamı xəstələnir. Kənddə isə nə aptek var, nə xəstəxana. Düzdür, o qədəe geridə qalmış deyilik kənd həkimimiz var amma həkimin dediyi dərmanları almaq üçün ən azı bir gün vaxt gərəkir. Bu zaman nə etmək lazımdı? Əlbəttə ki, nənələrimizin illərlə istifadə edib sınaqdan çıxardığı üsullara müraciət etmək. Soyuqdəyməsi olan birinin ən yaxşı dərmanı neçə ildən qalmış zoğal mürəbbəsini tünd və qaynar çayın içinə töküb, qarışdırıb içməkdir. Bu çayı içdikdən sonra isə üstünə doqquz yorğan atıb yaxçıca tərləmək lazımdır. Biraz qəribə görünsə də , biz xəstə olarkən belə edirik və hələki əks təsirini görməmişik. Gələk səbəbkarımız zoğal mürəbbəsinə.
Zoğalın adətən bir neçə növü olur. Mütəxəsislərin dediyinə görə, ən yaxşı mürəbbə meşə zoğalından, yəni yabanı yetişən zoğaldan olur. Amma bundan başqa qadınların adlandırdığı kimi, ətli zoğal, iri tumlu zoğal və s. kimi növləri var. Zoğal mürəbbəsini yaxşı bişirən qadınlar azdır. Çünki zoğal kaprizli meyvədir. Tez əzilir, xarab olur, mürəbəni bişirən zaman gərəkdir ki, bir an belə gözündən qoymayasan.
 Yuyulub təmizlənmiş, saplaqları çıxarılmış zoğalı şəkər tozunda "mətə qoyurlar". Mətə qoymaq dedikdə zoğalın şəkər tozunda qalıb şəkəri canına çəkməsi nəzərdə tutulur. Bundan sonra mətə qoyduğumuz zoğalı alçaq odda ocağın üzərinə bişməyə qoyuruq. Əsl məharət bundan sonra başlayır. Vaxtında kifini almaq, odu nizamlamaq, mürəbbənin suyunun duru ya qatı olmasına fikir vermək  və s.  Mürəbbəni yaxşı bişirib bişirmədiyiniz bir neçə aydan sonra bilinəcək. Əgər mürəbbə xarlanmasa deməli hər şey yolundadır. Hətta daha professional qadınların əlindən çıxmış zoğal illərlə qalır. Və neçə qış yola salmış mürəbbə soyuqlama üçün daha effektli olur.

Nuş olsun!!!

Comments