Payızın
gəlməsi ilə havalar yavaş-yavaş soyumağa başladı. Bu isə o deməkdir ki, isti,
sulu yeməklərin əsil vaxtı gəldi. Özünüzü yağışın altında çətirsiz, ayağınızda rezin qaloşla, palçıqlı yollarla məktəbdən
evə qayıdan uşaq kimi təsəvvür edin. Soyuqdan burnu qızarmış, barmaqları keyləşmiş
və acmış bir məktəbli üçün tez evə çataraq
anasının bişirdiyi lobya şorbasını yeməkdən
daha böyük bir xoşbəxtlik ola bilməz. Bir çox yeməklər var ki kənddə
yaşamamısınızsa deməli onlardan xəbəriniz yoxdur. Məsələn lobya şorbası. Hamı
bu yeməkdən dadıb , amma kənddə bişirilmiş lobyadan yemək çox adama qismət
olmayıb.
Kəndlilərin yetişdirdiyi lobya və tərəvəzlərdən hazırlanan, ocağın
üstündə analarımızın üz gözünü pörtərək
bişirdiyi o xörəyi yemək, (xüsusi ilə də məhz bu aylarda )insanın içinə sanki
istiliklə bərabər rahatlıq gətirir. Ağır işdən sonra ayaqqabıları, üst başı
islanmış, acından taqəti qalmayan kənd insanları üçün isti yemək çox şey deməkdir.
Bu
yeməyi hazırlamaq hər qadının işi deyil. Kənddə barmaqla sayılacaq qədər qadın
var ki, onların əlindən lobya şorbası yemək Parisin ən bahalı restoranlarında
qızılbalıq yeməkdən daha ləzzətlidir. Lobya şorbasını hər qadın özünəməxsus
hazırlayır. Bəziləri bir neçə tikə kartof, bəziləri heyva, bəziləri alma , bəziləri
isə müxtəlif ədviyyatlar əlavə edərək, özlərinin peşəkarlığını göstərirlər. Amma
qozsuz lobya şorbası və ya kənddə deyildiyi kimi ”cıl-bır” hazırlamaq olmaz. Bəzi qadınlar çox böyük
qazanda hazırlayaraq bir neçə gün bu yeməyi
yeyirlər. Onu da deyək ki, bu yemək “Cıl-bır
“ adı ilə Quba rayonuna aid yemək kimi milli kulinariya kitabına salınmışdır.
Siz hələ
də cıl-bır” dadmamısınızsa kəndimizə gəlməyə tələsin. Axı
həyat cıl-bır” yeməyi uzun illər gözləyəcək
qədər uzun deyil.
Comments
Post a Comment