Made in Yenikənd)))

Allah verdi, yığdıq, bişirdik, yedik. Kənddə belə bir məsəl var: işləsən, ac qalmazsan. Özün əkməsən belə, meşədə, bağlarda olan meyvələrdən, bitkilərdən istifadə etməklə bir müddət dolanmaq olar. Kənd həyatı bərəkətlidir. Sən hərəkət etsən, əvəzini mütləq görəcəksən. Əkdiklərin canlıdır, onlar da qayğı, sevgi, qulluq tələb edir. Versən , o da əvəzini artıqlamasıyla qaytaracaq.
İndi kənddə gavalı mövsümüdür. Hamı əl ayağa düşüb bu meyvədən yararlanmaq istəyir. Kimi mürəbbə, kimi kompot , kimi də turşu hazırlayır. Diribaş qadınlar isə hər üçünü hazırlamaq üçün özünü oda közə vurur.  Mürəbbə bişirmək üçün  əvvəlcə gavalını doğramaq, sonra bir gün sodalı suda saxlamaq lazımdır ki, gavalı bişəndə əzilməsin. Gavalını iki cür doğramaq olar: uzununa və eninə.
Sodada saxladıqdan sonra bişirirlər. Başbilən qadınlar deyirlər ki, mürəbbənin rəngi çəhrayı olanda odun üstündən götürmək lazımdır ki, qatı olmasın. Vaxtından əvvəl götürülmüş mürəbbə tez xarab olur. Necə deyərlər bişirənin üzünü ağ etmir. Əgər bu yazdıqlarımız sizi gavalı mürəbbəsi bişirməyə ilhamlandırdısa, bişirin))) Sualınız olarsa mürəbbə üzrə ekspertlərdən soruşub məmnuniyyətlə  sizinlə bölüşərik.
Allah sizi mürəbbənin vaxtını ötürmüş gəlinin qaynanasının dır-dırından saxlasın...

Nuş olsun!

Comments