Üzümüzü ağ edən qara kömür

Kənd əhalisinin işsizlikdən əziyyət çəkməsi , ucqar yerlərdə isə məşğulluğun demək olar ki sıfır səviyyədə olması danılmaz faktdır. Təəssüflər olsun ki, bizim kəndimizdə də əhalinin əksəriyyəti işsizdir. Bəs işsiz insanlar necə dolanır? Əhalinin bir qismi əkin –biçin,  bir qismi inşaat, tikinti və ən böyük qismi də kömür işi ilə məşğuldur. Kənd camaatı qara kömürlə üzünü ağartmağa çalışır. Kömürün istehsal edilməsi üçün “basma” qoyulur. Basma doğranmış odunların cərgə ilə aşağı hissədən geniş, yuxarıya getdikcə daralan qaydada yığılmasıdır. Odunların arasına ot, saman, kül qoyulur ki, odunlar yanıb qurtarmasın. Basma düzmək hər kömürçünün işi deyil. Bu əsl təcrübə və səbr tələb edən işdir. Basmanın yanması, başqa sözlə kömürün ərsəyə gəlməsi  odunun həcmindən asılı olaraq 2-3gündən başlayaraq bir həftəyə qədər davam edir. Basma yandıqdan sonra üstü açılır və kömür soyuması üçün sərilir. Bundan sonra kömür kisələrə doldurulur. Kisələr də ölçüsünə görə müxtəlif olur.  Hətta bəzi işbazlar kisələri qaynadırlar ki ölçüsü kiçilsin.

Hazır kömürün əldə edilməsi odunun doğranmasından başlayaraq sadaladığımız bu mərhələləri keçir. Kisələrə doldurulmuş kömür artıq müştəri gözləmək üçün hazırdır. Çox ağır və az qazanclı iş olsa da kənd əhalisi iş olmadığı üçün bu çətinliyə dözməyə hazırdır. 

Comments