Qış hazırlığı


Uşaqdan böyüyə hamının xoşladığı  duza qoyulmuş tərəvəzlər və kompotlar.
Əksər insanlar bu məhsulları əldə etmək üçün marketlərə üz tutsa da, biz- zəhmətkeş kəndlilər bu vəzifəni də öz üzərimizə götürürük. Mürəbbələr, kompotlar, turşular adətən yay fəslində hazırlanır. Çünki meyvə  və tərəvəzlərin çoxu da məhz yayda yetişir.
Kənd camaatı əsasən öz həyətində əkib becərdiyi məhsullardan həm indi istifadə edir, həm də qışa tədarük görür. Məsələn, soğan. xiyar, pomidor, kartof, lobya, göyərti, bibər, badımcan kimi məhsullar üçün bazara müraciət etmək əməlli başlı ayıb sayılır. Yayın ortasında əlində kartof ya pomidorla rayondan gələn bir kişi və onun ailəsi kənd camaatı üçün qeybət mərkəzinə çevrilir.
Turşu hazırlamaq üçün özünü məişət işlərində professional sayan hər qadının xüsusi resepti var. Onlar öz ənənələrinə sadiq qalaraq  başqa qadından məsləhət almağı bacarıqsızlıq sayaraq özləri bildiyi kimi turşu  hazırlayırlar. Turşu təzə və sağlam tərəvəzlərdən hazırlanır. Turşuya xüsusi dad verməsi üçün müxtəlif yarpaqlar, otlar əlavə edirlər. Məsələn, dəfnə yarpağı, şüyüd sapı, gilas yarpağı, bağayarpağı və s. Təbii ki, turşunun növündən asılı olaraq ona qatılan ədviyyat və yarpaqlar da dəyişir.

Kompotun hazırlanacağı meyvələri bazardan almaq qəbahət sayılmır. Çünki kəndimiz iqlim cəhətdən əksər meyvələrin yetişdirilməsi üçün münasib deyil. Kompot adətən ya qaynadılır ya da banka ya balonun üstünə sadəcə qaynar su tökməklə bişirilir. Kənd ənənəsinə çevrilmiş kompot qaynatma mərasimi böyük həvəslə qadınlar tərəfindən yerinə yetirilir. Gilas, alça , gavalı, böyürtkən, şaftalı və s. meyvələrdən hazırlanan kompotlar qışda hər qadın üçün qonağın və ya qonşularının qabağında öyünə  biləcəyi qürur mənbəyidir. 

Comments