Uşaqlıq...
Təsadüfi deyil ki, uşaqlıq ömrümüzün ən yaddaqalan, ən xoşbəxt illəridir. Kaş
yenidən uşaq olaydım, kaş böyüməyəydim kimi sözləri tez-tez eşidirik. Bəs görəsən
uşaqlığı belə sehrli, cazibəli edən nədir?
Mən
sizə sıradan bir kənd uşağının uşaqlığını təsvir etməyə çalışacam. İlk öncə təəssüflə
onu qeyd etmək istərdim ki, kənddə təhsil insanların həyatında əhəmiyyətli yer
tutmur. Bu da birbaşa uşaqlara, onların tərbiyəsinə və gələcək həyatlarına öz təsirini
göstərir. Amma uşaqlar öz kiçik
dünyalarını daha maraqlı etməyə çox vasitələr tapırlar. Məhəllə-məhəllə bölünən
uşaq dəstələri öz “kruqlarını” yaradırlar. Səhər tezdən yağ-pendir dürməyi
yeyib evdən çıxan uşaqlar axşama qədər küçələrdə yorulmaq nədir bilmədən
oynayır, bəzən dalaşır, evə ağız-burnu qanlı gedərək məhəllənin qəhrəmanına
çevrilir. Qızlar isə çox vaxt əgər varsa
öz kuklaları ilə, yoxdursa kukla əvəzi istifadə etdikləri özlərinin əl işi olan
oyuncaqlarla oynayırlar. Etiraf etmək lazımdır ki, qızların oyunu daha maraqlı
olur. Sınıq saxsılardan qab-qacaq, otdan ev, yarpaqlardan pul düzəldən dünyanın
min cür dərd-ələmindən xəbəri olmayan uşaqlar...Necə də xoşbəxtsiniz. Sizin
yerinizdə olmaq istəməyən, Tanrının lütfü olan uşaqlığı ikinci dəfə yaşamaq istəməyən
adam çətin tapılar. Təbii ki, hamının uşaqlığı qayğısız, rahat, şən keçmir.
Atasız-anasız, yoxsulluq içində yaşayan o qədər uşaq var ki. Hələ körpə
yaşlarından həyatdan zərbə almış uşağın gözlərindən oxunan səssiz fəryadı hansı
qəlbin sarı simlərinə toxunmadan keçə bilər, “ürəyim var” deyən hansı insana təsir
etməyə bilər?!
Amma
nə olursa olsun həyat gözəldir, yaşamaq gözəldir. Uşaqlıq isə insana qarşılıqsız
verilən dəyərlər arasında ən qiymətlisi və gözəlidir.
Uşaqlığınızın
qədrini bilin, ey körpə fidanlar! Nə qədər ki gec deyil, hər günü həyəcanla, həyat
ehtirası ilə yaşayın. Axı həyat insana bircə dəfə verilir....
Comments
Post a Comment