Can nənə, bir nağıl de

Ömrüm günüm yat, daha
Hamısını indi desəm
Nağıl qalmaz sabaha
Desəm ki, həyatda valideyn və müəllimlərdən sonra bizi “biz” edən insanlar məhz nənə və babalarımızdır ,  yəqin ki səhv etməmiş olaram. Əfsuslar olsun ki, çox zaman bu insanlara layiq olduğu dəyəri verməkdə xəsislik edirik. Onları itirdikdən sonra buna peşman olsaq da , heç bir mənası olmur. Necə deyərlər, qatar gedib , tüstüsü qalıb.
Təsadüfi çəkilən bu foto nənə-nəvə sevgisini tam çılpaqlığı ilə işıqlandırır. Əgər bu qadını tanısaydınız, etdikləri ağlagəlməz dəcəlliklərə rəğmən nəvələrini necə çox sevməsi sizi riqqətə gətirərdi . İnsanlar arasında soyuqlaşmanın baş verdiyi müasir cəmiyyətdə, “sevgi”, “hisslər”, “duyğular” kimi sözlərin ucuzlaşdığı, daha dəqiq desək “öldüyü “dövrdə belə səmimi bir foto hələ də “ürəyi “olan istənilən insana mütləq təsir edəcək.
“Nənə” deyəndə ağıla nələr gəlmir ki. Məgər uşaqlığımızın  ən məhrəm anlarını, ən gizli sirlərini bölüşdüyümüz insan nənəmiz olmayıbmı? Etdiyimiz şıltaqlıqların cəzasını çəkməkdən qorxarkən bizi ata və analarımızdan  qoruyan o himayədarımız nənəmiz olmayıbmı? Səhərdən axşama qədər çöldə oynayıb evə gələndə təzə çalxaladığı nehrə yağı ilə yağ yaxmacı verən nənəni unutmaq olarmı?
Qayğıkeşliklə  “tərləmisənsə əynin dəyiş, soyuqlayarsan,” deyən , özündən uydurduğu ya da həqiqətən oxuduğu nağılları dəfələrlə və eyni həvəslə danışan nənələr.
Həmişə qoz ləpəsi açanda nənəm bizə saqqız verərdi. Biz də sadəlövh uşaq ağlımızla necə sevinərdik, həvəslə qozu açıb qurtarardıq. Amma böyüyəndə başa düşdük ki, nənəmin əsl məqsədi bizi sevindirmək yox, qozları qorumaqdır.
Eh qayğısız, xoşbəxt, məsum  uşaqlıq. Dönüb keçmişə baxanda itirdiklərin üçün nə qədər təəssüflənsən də, yaşadığın babalı –nənəli, atalı-analı o uşaqlıq bütöv bir ömrə dəyər.

Nə yaxşı ki, uşaq olmuşuq, bir neçə il də olsa həyatın əsl üzünü görməmişik. Və nə yaxşı ki, dünyada nənələr varmış!

Comments