Sirr deyil ki, kənd deyəndə çox insanın ağlına çətin həyat, ağır iş, hər gün saat 6da xoruzların səsinə oyanmaq gəlir. Amma kənd həyatı bu qədər qorxulu və ağır deyil. Düzdür, kənddə yaşamağın mənfi cəhətləri çoxdur, lakin etiraf edək ki, öz həyatımızı asanlaşdırmaq öz əlimizdədir.
Mən 22 ildir, dağların ətəyində yerləşən, yolları deyilməyəcək qədər pis olan, içməli su, məktəb, mağaza, marşrut, istilik problemləri olan , hələ də vahid telefon xətti, interneti, qaz xətti olmayan ucqar bir kənddə yaşayıram. Düşünürəm ki, bütün bu çətinliklərə baxmayaraq kənd həyatından heç bir şikayətim yoxdur, əksinə burda doğulduğum və yaşadığım üçün özümü xoşbəxt olmasa da şanslı sayıram desəm ,kənd həyatını Afrika səhralarında “survivor” kimi təsəvvür emək fikrindən sizi daşındıra bilərəm.
Əgər kənddə yaşamaq qismətinə düşübsə bəzi şeyləri əvvəldən qəbul etmək məsləhətdir. Məsələn, kəndlilərə istirahət anlayışı yaddır, onlar ağır işdən sonra sevimli xanımının dəmlədiyi bir stəkan “xoruzpipiyi” çayı içərək istirahət etmiş olurlar.
Kənddə yaşamağın ən yaxşı tərəfi odur ki, burda hər şey təbiidir. Texnologiyalardan xəbəri olmayan baba və nənələrimiz öz ehtiyaclarını özləri ödəməyə öyrəşiblər. Bundan başqa, kənddəki təmiz hava nəyə desən dəyər.
Bir şeyi də deməsəm olmaz. Savadsız, mütaliəsiz, yeniliklərdən xəbəri olmayan dediyimiz kənd adamları əslində dünyadakı ən saf və təmiz insanlardır. Öz həyat yoldaşı haqqında danışarkən “bizimki”, evdəki” deyə müraciət edən, ən böyük arzusu övladlarının toyunu görmək olan kənd qadınları, arvadına “uşaqların anası” deyən “qeyrət simvolu” kənd kişiləri, yad insanlardan üzünü gizlədərək yaşmaq çəkən utancaq kənd gəlinləri, hər bir dərdin dərmanını bilən, dünyagörmüş nənə və babalar, birdə kənd həyatına sevinc qatan, Tanrının hədiyyələri olan qırmızı yanaqlı, yamaqlı şalvarlı, özündən böyük bacı və qardaşlarının paltarları ilə böyüyən məsum kənd uşaqları. Bütün bunları görmək, belə insanlarla birlikdə yaşamaq xoşbəxtlik deyilmi?!
Bəs siz hələ də kənd həyatını keçilməz cəngəllik hesab edirsiz?
Əgər yuxarıda deyilən cümlələr sizdə kənd həyatına və insanlarına az da olsa maraq yaratdısa, o zaman mənim ilə kənd həyatının gözəllikləri, çətinlikləri, insanların düşüncələri, sevincleri ve kədərləri ile dolu olan macəraya yola çıxaq.
Comments
Post a Comment