Bayram süfrəsi

Kənd camaatının bir araya gəldiyi üç yer var: toy, yas, bayram
Qurban, Ramazan və Novruz kəndimizdə hamılıqla keçirilən bayramlardır. Dini bayramlarımız olan Qurban və Ramazanda bütün kənd insanları bir araya gəlir . Elə buna görə də bu bayramları çox sevirəm.
Bayram hazırlıqları bir neçə gün əvvəl başlasa da bayram adətən kənd camaatının mollaların müşayiəti ilə  məscidə getmək üçün “kənd içi “ adlanan yerə toplanması ilə başlayır. Səhər tezdən bayram namazı qılındıqdan sonra camaat əvvəlcə bayramdan əvvəl rəhmətə getmiş insanların evinə gedir. Təzəlikcə yası düşmüş insanların evində camaat arasında deyildiyi kimi “qara bayram” keçirilir.
Bundan sonra camaat yavaş –yavaş dağılır və hər kəs öz qohumlarını ziyarət etməyə başlayır.
Əlbəttə ki bayram sevincini hamıdan çox və doya-doya yaşayan uşaqlarsız bayram haqqında danışmaq olmaz. Bayramlarda uşaqlar dan yeri sökülməmiş yuxudan oyanar və səbirsizliklə qonşu uşaqların “ay filankəs gəlmirsən , günorta oldu ki” deməsini gözləyər. Bundan sonra isə aylardır gözlənilən gəzinti başlanar. Düşünürəm ki, əlində torba qapı- qapı evləri gəzən, bir ağızdan “bayramınız mübarək” deyə qışqıran, bundan sonra şirniyyat hədiyyəsini gözləyən uşaqların sevincini təsəvvür etmək çətin deyil. Axşama qədər torbalarını dolduran, talenin amansız hökmündən xəbərsiz, qayğısız bu uşaqlar “kim daha çox konfet yığıb “ mübahisəsinə başlayar, hələ “daha fərasətliləri” ikinci torbanı da doldurduğunu iddia edərlər. Hələ o evdə yaxşı konfet verirlər, ya da ora getməyə dəyməz kimi bir birinə məsləhət verər, həmişə “yaxşı” konfet verən evdən  bu dəfə bu səxavəti görməyəndə üzlərini turşudarlar.
Hə birdə bayram hazırlıqları. Əslində bu prosesi hazırlıqdan çox kənd qadınlarının təmizlik və biş-düş yarışı adlandırmaq daha doğru olardı. Bayramdan günlər əvvəl başlayan şirniyyat bişirmə, evi təmizləmə və s kimi işləri qadınlar böyük sevinc və coşğu ilə yerinə yetirilər. Şəkərbura, şorqoğal, paxlava bişirmə məharətlərini göstərən qadınlar, həyət bacanı “gül kimi” təmizləyən qızlar qürurla bir birinə bu haqda danışarlar.
Ən maraqlısı odur ki, haqqında danışdığımız işlər hər il görülsə də, bayram həmişə eyni abu- havada keçsə də, kənddə uşaqdan böyüyə hamı bayramları səbirsizliklə gözləyir.
Həyatımızın hər gününün bayram kimi keçməsi diləyiylə...

Comments